Azərbaycanın Zəngəzur dəhlizi layihəsini gündəmdən çıxarması və İrandan keçən dəhlizlə bağlı fəaliyyəti genişləndirməsi Ermənistanda narahatlıq yaradıb.
Axar.az xəbər verir ki, Zəngəzur dəhlizi ilə bağlı Tehrandan aldığı dəstəklə yüksək iddialar səsləndirən və buna imkan verməyəcəyini deyən Ermənistan hakimiyyəti bu yol vasitəsilə dalan ölkə olmaqdan çıxmaq şansının qaçırılmasından əndişələnərək, “Sülh qovşağı” (Dünyanın kəsişməsi) adlı iddialı layihə təqdim edib.
Ermənistan müxalifəti isə Zəngəzur dəhlizinin aktuallığını itirməsini fərqli yönümdə izah etməyə çalışır. Ermənistan parlamentinin müxalif “Şərəfim var” fraksiyasından olan deputatı Tiqran Abramyan Azərbaycan və Türkiyənin artıq “dəhliz” terminindən istifadə etmədiyini xatırladıb və iddia edib ki, Zəngəzur dəhlizinin gündəmdən çıxarıldığı təəssüratı yaranır, buna baxmayaraq, türklər mövzunu həmişə prioritet saydığını düşünmək olar:
“Fərq odur ki, artıq kəskin ifadələr işlətmirlər. Bunun Ermənistan hökuməti ilə razılaşaraq Ermənistan daxilində ehtirasları alovlandırmaq üçün yox, yumşaq bir şəkildə dəhliz əldə etmək üçün edilib-edilmədiyini heç kim istisna edə bilməz.
İstənilən halda mövzu Türkiyə-Azərbaycan gündəmində hətta rəsmi səviyyədə də gizlədilməyən mühüm yer tutur”.
Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Zəngəzur dəhlizi gündəmdən tamamilə çıxarılmayıb:
"Ancaq indi bu marşrut nisbətən ikinci plana keçirilmiş kimi görünür. Rəsmi Bakı Zəngəzur dəhlizinin məhz Ermənistanın birbaşa nəzarəti altında açılmasında qətiyyən maraqlı deyil. Yəni, Azərbaycanın vətəndaşlarının və daşınan yüklərin Ermənistan tərəfindən yoxlanılması yolverilməz hesab olunur. Ona görə də, rəsmi Bakı hazırda alternativ variant olaraq, İran ərazisindən marşrutun açılmasını mümkün hesab edir. Rəsmi İrəvan hesab edirdi ki, Azərbaycan Zəngəzur dəhlizinə möhtacdır və Ermənistanın bütün şərtlərini qəbul etmək məcburiyyətində qalacaq. Ancaq sonrakı proseslər onu göstərir ki, Ermənistanın hesablamaları növbəti dəfə boşa çıxmaq üzrədir. Rəsmi İrəvan Ermənistanı bu dəfə də Cənubi Qafqazda böyük əhəmiyyət daşıyan geoiqtisadi layihədən kənarda qoymaq üzrədir".
Ekspert qeyd edib ki, Azərbaycanın İranla anlaşması Ermənistanı ciddi şəkildə narahat etməyə başlayıb:
"Paşinyan hakimiyyəti bu vəziyyətdən çıxış yolu kimi, "Dünyanın kəsişməsi" adlı absurd bir layihə uydurub, təqdim etdi. Ancaq bu absurd layihə hələlik heç kimin diqqətini çəkmir. Çünki pozitiv nəticə verəcəyinə təminat olmayan belə layihələrə investisiya yatırmağa heç kim risk etməz. Üstəlik, Azərbaycanın iştirakı olmadan Ermənistan heç bir layihə reallaşdıra bilməz. Rəsmi Bakı isə Azərbaycanın maraqlarına uyğun olmayan hər hansı layihənin reallaşdırılmasına imkan verməz. Ermənistanın regional layihələrdə iştirakı üçün yeganə şansı Zəngəzur dəhlizinin açılmasına bağlıdır. Bu dəhliz açılmazsa, Ermənistan blokada şəraitində qalacaq. Çünki Zəngəzur dəhlizi olmasa, Azərbaycan Ermənistanla heç bir nəqliyyat-kommunikasiya xəttini açmayacaq. Ona görə də, Ermənistan bütün manipulyasiyaları bir kənara buraxıb, Azərbaycanın şərtləri daxilində Zəngəzur dəhlizinin açılması barədə düşünməlidir. Əks halda, Ermənistan öz sərhədləri daxilində həbs olunmuş ölkə olaraq qalacaq. Hətta elə vəziyyət də yarana bilər ki, Ermənistan Zəngəzur dəhlizinin açılması üçün Azərbaycana yalvarmaq məcburiyyətində də qala bilər. Bu halda isə Ermənistan üçün Azərbaycanın şərtləri indikindən daha ağır olacaq. Ona görə də, Ermənistan gələcəyi düşünürsə, Zəngəzur dəhlizinin açılması üçün artıq tələsməlidir".