2024-cü ildə Ermənistan hökuməti Müdafiə Nazirliyinə 554 milyard dram (1 milyard 377 milyon dollar) ayırmağı planlaşdırır.
Erməni mediası xəbər verir ki, bu barədə Ermənistanın maliyyə naziri Vahe Ovannisyan dekabrın 6-da parlamentdə 2024-cü il üçün dəqiqləşdirilmiş dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu, 2023-cü il dövlət büdcəsində nəzərdə tutulan müdafiə xərclərindən 7% çoxdur.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq Sultan Zahidov bildirib ki, Ermənistan dövləti hazırda intensiv şəkildə silahlanır:
"Fransa, Hindistan və İran tərəfindən Ermənistana müxtəlif təyinatlı silahlar göndərilir. Bu isə Nikol Paşinyan hakimiyyətinin bəyan etdiyi sülh gündəliyinə sadiq qalmadığını göstərir. Əslində dünya siyasətinə nəzər yetirən zaman görürik ki, bir çox dövlətlər tarixin müəyyən dövrlərində buna oxşar addımlar atıblar. Yəni həm dünya ictimaiyyətini sülh niyyətində olduqlarını inandırmağa çalışıb, həm də müharibə həyata keçiriblər. Məsələn, 1939-cu ildə Hitler Almaniyası Sovet İttifaqı ilə Molotov-Ribbentrop paktı imzalayır və qarşı tərəfi hücüm etməyəcəyi barədə əmin edir. Amma 2 il keçmədən 1941-ci ilin iyununda məhz Nasist Almaniyası Sovet İttifaqına hücüm edən tərəf olur. Bununla da Sovet İttifaqı İkinci Dünya müharibəsinə qoşulur. Ona görə də Ermənistanın gələcəkdə Azərbaycana qarşı hansısa təxribat törətməyəcəyini istisna edə bilmərik. Ümumiyyətlə bir tərəfdən sülhdən danışıb, digər tərəfdən isə təhlükəsizliklə bağlı addımların atılması ölkələrin bir növ manevrasıdır. Yəni Oliver Kromvelin məşhur "Tanrıya inan ancaq, barıtını da quru saxla" ifadəsini rəhbər tuturlar. Ermənistan da ilk növbədə Azərbaycandan ehtiyat edir. Həm 44 günlük müharibədə, həm də lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan qarşı tərəfə ağır zərbə vurdu. Azərbaycan nə qədər Ermənistan ərazisində iddialı olmadığını bildirsə də, Nikol Paşinyan hakimiyyəti ehtiyatlı davranır".
Politoloq vurğulayıb ki, Ermənistan Rusiya münasibətlərində ciddi böhran davam edir:
"Nikol Paşinyan hakimiyyəti dəfələrlə iddia edib ki, Ermənistanın ən böyük səhvi öz təhlükəsizliyini yalnız Rusiyaya etibar etməsi olub. Ona görə də indi Ermənistan başqa havadarların axtarışındadır. Bunların sırasında isə ilk başda Fransa və Amerika kimi ölkələr gəlir. Bu baxımdan Ermənistanın indiki vəziyyətdə Azərbaycanla müharibəyə hazırlaşdığını demək olmaz. Çünki darmadağın ordunu yenidən bərpa etmək asand məsələ deyil. Amma istənilən halda Ermənistan çalışır ki, öz təhlükəsizlik siyasətini haçalasın və təkcə Rusiyadan asılı hala düşməsin. Gələcək zamanda Ermənistanın Azərbaycana qarşı aqressiv ritorika nümayiş etdirməyəcəyinə heç kim zəmanət verə bilməz".