Rusiya platforması İrəvan və Bakı arasında danışıqlar üçün səmərəsiz ola bilər.
Bunu Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri Sərkis Xandanyan deyib.
Xandanyan erməni tərəfinin bu məsələ ilə bağlı narahatlığını tamamilə qanuni hesab etdiyini vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın qarantı olduğu 9/10 noyabr bəyanatının əsas fundamental məsələləri yerinə yetirilməyib.
Hadisəyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a deyib ki, Xandanyan Ermənistanın hazırkı siyasi hakimiyyətinin nümayəndəsi olduğuna görə indiki hökumətin maraqları çərçivəsində çıxış edir:
"Bu gün Nikol Paşinyan hakimiyyətində təmsil olunanlar Rusiyanın moderatorluğu altında heç bir danışıq platformasını həzm etmək istəmirlər. Pisləşən Rusiya və Ermənistan münasibətləri konteksində Ermənistan hakimiyyətində təmsil olunanlar təkcə iki ölkə əlaqələrinin gələcəyi ilə bağlı deyil, eyni zamanda Ermənistan Azərbaycan münasibətlərinin normallaşması ilə əlaqədar məsələlərdə də Şimal qonşumuzun vasitəçi olmasını istəmirlər. Amma hesab edirəm ki, bu məsələdə Ermənistan tərəfinin öz maraqları mövcuddur. Ermənistan bu maraqlar çərçivəsində hadisələrə yanaşmağa çalışır. Lakin əsas reallıq Rusiyanın regiona yaxın ölkə olmasından ibarətdir. Bu gün Ermənistanın bölgəyə sırımağa çalışdığı hansısa Qərb qüvvələrinə nisbətdə Rusiyanın prosesdən kənar qalmasını düşünmək absurd haldır. Bu açıqlamadan sonra Rusiya tərəfindən də Ermənistana qarşı çox sərt yanaşmalar tətbiq olunacaq. Nəticə etibarilə iki ölkə arasındakı çatların daha da dərinləşməsinin şahidi olacağıq".