Kremldən proqnoz: İlin sonuna qədər sülh müqaviləsi imzalanacaq?

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər. 
Onun fikrincə, tərəflər bu şansı dəyərləndirə bilər. Qaluzin onu da əlavə edib ki, Rusiya tərəfinin Ermənistan və Azərbaycana 2020-ci ilin noyabrında və ondan sonra formalaşdırılan prinsiplər əsasında sülh dialoqunu davam etdirməklə bağlı dəvətləri qüvvədədir.
Ermənistan rəsmiləri də tez-tez ilin sonuna kimi sülh müqaviləsinin imzalana biləcəyini açıqlayırlar. Vaxta isə 20 gündən az qalır. 

Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Asif Nərimanlı söyləyib ki, ilin sonuna qədər sülhün imzalanması ilə bağlı təkcə Rusiyada deyil, eyni zamanda Ermənistan və Qərb ölkələrindən də fikirlər dilə gətirilir:
"Amma bu cür fikirlərin olması o demək deyil ki, qeyd olunan tarixdə sülh müqaviləsi imzalanacaq. Çünki tərəflər arasında fikir ayrılığı mövcuddur. Düzdür, hər iki ölkə ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir. Amma iki əsas məsələ var ki, onlar həl edilmədən sülh müqaviləsini imzalamaq çətindir. Birincisi kommunikasiyanın hansı prinsip əsasında açılacağıdır. Ermənistan tərəfi suverenlik prinsipini irəli sürür, bu isə Zəngəzur dəhlizinə dəlalət vermir. Azərbaycan da bunu qəbul etmir. Amma indiki situasiyada Zəngəzur dəhlizi ilə bağlı Ermənistan tərəfindən irəliləyiş əldə edilmədiyi üçün Azərbaycan bu layihədə marşrutu İran xətti üzərinə keçirdi. Kommunikasiya  Ermənistanın suverenlik prinsipi ilə açılsa belə, burada Azərbaycanla Naxçıvan arasında əlaqənin qurulmasında Azərbaycandan-Azərbaycana prinsipi tətbiq edilməlidir. Yəni Azərbaycan vasitəsilə rəsmi İrəvana daşınacaq yüklərə görə Ermənistan gömrük rüsumu ala bilər. Amma Azərbaycandan Naxçıvana aparılan yüklərə, sərnişinlərə görə Ermənistan tərəfi heç bir gömrük rüsumu almamalı və sərhəd yoxlaması aparmamalıdır. Ermənistan və Azərbaycan arasında olan digər fikir ayrılığı isə sərhədlərin delimitasiyası məsələsidir. Sərhəddə iki ölkənin görüşü baş tutsa da, delimitasiyanın hansı xəritələr əsasında edilməsi hələ də sualı altında qalır. Ermənistan xüsusilə 1975-ci illərin xəritələrindən bəhs edir. Çünki bu onların maraqlarına uyğundur. Azərbaycan isə əsrin əvvəllərindəki xəritələri daha məqsədəuyğun hesab edir. Ona görə də fikir ayrılıqları olduğu müddət ərzində ilin sonuna qədər sülh sazişinin olması ehtimalı azdır".