Ermənistan hökuməti Arazdəyəndəki metallurgiya zavodunu Ararat vilayətinin Ararat kəndinə köçürmək barədə qərar qəbul edib.
Erməni KİV-i xəbər verir ki, bu barədə Ermənistan hökuməti bu gün məlumat yayıb.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan Arazdəyəndəki metallurgiya zavodunun başqa yerə köçürüləcəyini bildirib.
Zavodun yaxın əraziyə köçürüləcəyini deyən nazir köçürmə və tikinti prosesinin davam etdiyini qeyd edib.
Tikintinin özəl vəsaitlər hesabına aparıldığını deyən Kerobyan sonrakı addımları investorların müəyyənləşdirdiyini bildirib.
Metallurgiya zavodunun dəyişdirilməsinə münasibət bildirən politoloq İlqar Vəlizadə "Sherg.az"a söyləyib ki, Bu çox vacib və regionda ekoloji tarazlığın bərpa olunmasına gətirib çıxaracaq prosesdir:
"Eyni zamanda son Ermənistan və Azərbaycan arasında bağlanan sazişə əsasən İrəvan tərəfi "COP29" sammitinin rəsmi Bakıda keçirilməsini dəstəkləyir. Bu da bir növ ekoloji və iqlim sammitidir. Ona görə də metallurgiya zavodunun yerinin dəyişdirilməsi məhz regionun ekoloji gündəminin yaxşılaşdırılmasına təsir göstərəcək. Eyni zamanda bu, yaxınlarda imzalanan sazişin ruhuna çox yaxın addımdır".