Analitik: Mütləq sülh sazişini yaxın müddətdə imzalanması ehtimalı aşağıdır

"Düşünürəm ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına bir addım qalıb”.

 Bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov deyib.

L.Kalaşnikov Ermənistan üçün ən yaxşı variantın sülh olduğunu bildirib:

“Sülh istiqamətində hadisələr düz xətt üzrə inkişaf edir. Bunun üçün əsas məsələ Azərbaycan, Ermənistan və Rusiyanın razılaşması idi. Mən ABŞ və Fransanın həmsədri olduğu Minsk qrupunun effektiv fəaliyyətinə heç vaxt inanmamışam.

Ermənistan indiki vəziyyətdən yararlanmalıdır. Azərbaycan və Türkiyə ilə qonşudur, başqa sərhədi yoxdur, hara qaçmağı düşünürlər ki?! O baxımdan sülh müqaviləsi İrəvan üçün müsbət irəliləyişdir. İqtisadiyyat üçün də dəhlizlərin və kommunikasiyaların açılması diqqətdə saxlanılmalıdır. Bu, Rusiyanın da xeyrinə olar, çünki iki ölkə üzərindən cənuba doğru dəhliz açıb, Gürcüstanla razılaşma əldə edə bilərik”.

Leonidin fikirlərinə münasibət bildirən siyasi şərhçi Elmir Səftərov "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020, 2021 və 2022-ci illərdə qəbul edilmiş üçtərəfli bəyanatları Avropa platformalarına nisbətən daha effektiv olduğu keçən üç ilə yaxın müddətdə daha aydın şəkildə müşahidə edildi:

" Ermənistan və Azərbaycan tərəfləri arasında Brüssel və Vaşinqton danışıqları sülh sazişinin mətni üzrə yekun razılığa gətirib çıxarmadı, heç münasibətləri də tənzimləyə bilmədi. Çünki son illər ABŞ-ın, Avropa dövlətlərinin və beynəlxalq təşkilatların ölkəmizə Ermənistanı dəstəkləmək naminə etdiyi təzyiqlər baxımından “məhsuldar” oldu. Öz tərəfini açıq şəkildə bəlli edən, Ermənistanı dəstəkləyən belə dairələrin sülhün əldə olunmasında hansı töhfəsi ola bilər ki? Bu da Moskvaya diplomatik manevr imkanı verən amillərdəndir. Azərbaycan dövlətinin prioriteti vasitəçi olmadan Ermənistanla münasibətlərin tənzimlənməsini özündə ehtiva edir ki, bu da regional və qlobal güclərin marağında deyil. Buna görə də İrəvana müəyyən vasitələrlə təsir etməyə çalışırlar ki, öz ambisiyalarını və nüfuzlarını regionda gücləndirsinlər. Vasitəçilər istənilən halda iki ölkə arasında imzalanması ehtimal olunan sülh sazişinə öz maraqlı kontekstindən yanaşacaqlar, bu da problemlərin tam həll olunmasına maneə yaradacaq. 
Əsirlərin mübadiləsi qarşıdakı zamanda sülhün əldə olunmasındakı maneələrdən biri olan birbaşa dialoqun mümkünlüyünü, həmçinin Azərbaycanın və Ermənistanın üçüncü tərəf olmadan da müəyyən razılaşmalar əldə edə bilməsinin mümkünlüyünü göstərdi".

Ekspert onu da qeyd edib ki, Azərbaycan Televiziyasına müsahibə verən xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, iki ölkə arasındakı sülh müqaviləsinə hər şeyin 100 faiz həlli demək olmaz:
"Bu da o anlama gəlir ki, Azərbaycan ilə Ermənistan arasında əvvəlcə çərçivə sülh sazişinin imzalanması daha real görünür. Yəni, tərəflər arasında münasibətlərin normallaşması, etimad mühitinin yaradılması ilk həll olunması vacib məsələ kimi gündəmdədir. Təbii ki, uzun illər düşmənçilik şəraitində yaşayan dövlətlərin, hətta kənar dairələrin də təzyiqləri fonunda mütləq sülh sazişini yaxın müddətdə imzalanması ehtimalı aşağıdır".