“Rusiya Samvel Şahramanyanı Ermənistanda dövlətçiliyə zərbə vurmaq üçün göndərib, ona bu missiya tapşırılıb”.
Bunu Ermənistanın Xristian-Demokrat Partiyasının sədr müavini Hayk Sukiasyan deyib.
H.Suikasyan keçmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyanın Ermənistanda rezonans doğuran “artsax ləğv edilməyib” cümləsinə münasibətdə onu rus agenti adlandırıb:
“Əminəm ki, hökumətimiz və təhlükəsizlik qüvvələrimiz o adamla məşğul olacaqlar. Hazırda Samvel Şahramanyana verilən tapşırıq budur, onu yerinə yetirir. Sabah başqa bir şey əmr edilsə, onu həyata keçirəcək. Bəziləri deyir ki, Şahramanyanın ağlı özündə deyil. Qatılmıram, nə etdiyini çox yaxşı bilir. Bu adam hazırda Ermənistanda siyasi aktor deyil, lakin ola da bilər. Görünür, onu bura göndərənlər mərc gəliblər ki, lazım olacağı təqdirdə liderə də çevrilə bilər. Bu adamlar ölkəmizdə rejimi dəyişdirmək istəyirlər. Rusiya 10 noyabr bəyanatından sonra Ermənistanda hakimiyyəti günahlandırmaq, öz istəklərini həyata keçirmək üçün hər şeyi edir. Ölkəmizdə hər hansı “artsax respublikası” ola bilməz”.
Sukiasyanın fikirlərinə münasibət bildirən politoloq Fuad Abbasov "Sherg.az"a söyləyib ki, bu məsələ tamamilə Rusiyanın maraqları çərçivəsindədir:
"30 ildən bu yana qədər Qarabağda qondarma rejimi dəstəkləyən, Moskva şəhərində yerləşən Ermənistan səfirliyində "artsax" nümayəndəliyi saxlayan, erməni separatçıları silahlandıran, Sarkisyan və Koçaryon kimi Qarabağdan çıxmış əlaltılarının hakimiyyətini qoruyan məhz Rusiyadır. Bundan sonra Moskva Qarabağı itirmək, orada nüfüzdan düşmək və hərbi hissələrini çıxarmaq arzusunda deyil. Buna görə də son məqama qədər istər Şahmaranyan, istərsə də, ətrafındakı qondarma höküməti istifadə etməyə çalışır. Əvvəllər də Rusiya Vardanyanı Qarabağa göndərməklə Nikol Paşinyana qarşı istifadə etmək istədi. Amma Paşinyan hazırda Vardanyanın Bakı türməsində olmasından böyük sevinc yaşayır. Eyni zamanda Koçaryonın oğlunu "qəhraman" halına salıb Paşinyana qarşı qoymağa cəhd göstərdi. Ancaq bu istəyi də baş tutmadı. Rusiya müxtəlif müxalif liderləri istifadə edərək Nikol Paşinyana qarşı qaldırmağa çalışır. Nəticə etibarilə növbəti fiqur Şahmaranyandır. Rusiya həmin fiquru işə salaraq fərqli fikirlər söylədərək onu həm Azərbaycan, həm də Ermənistan dövlətçiliyinə qarşı istifadə etməyə niyyətlidir. Yəni Qarabağ problemi həll olunub, amma keçmiş Qarabağ separatçıları həllini tapmayıb. Yaxın zamanda Nikol Paşinyan cinayətlərinə görə Şahmaranyanı həbsxanaya salmasa, o, Ermənistanı tərk edib Moskvaya yerləşsə, Rusiya tam şəkildə ondan Azərbaycana qarşı istifadə edə bilər"