Ermənistanın Baş naziri Nikol Paşinyan doğurdan da özünü ən ağıllı hesab edir. O, ötən gün də növbəti saxtakarlığını etdi.
Bunu rusiyayönlü erməni bloger Mika Badalyan Paşinyanın Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
"O, Aİİ-nin heç bir siyasi, hətta geosiyasi maraqları olmayan sırf iqtisadi birlik olduğunu qeyd edən nizamnaməsini üzündən oxudu. Bununla o, birincisi, siyasi baxımdan Rusiya ilə eyni yolda olmadığını açıq-aydın göstərdi, ikincisi, bununla da Putinlə görüşə getdiyi üçün antirusiya elektoratı qarşısında özünə haqq qazandırdı”, - Badalyan bildirib.
Qeyd edək ki, Paşinyan ötən gün Aİİ sammitindəki çıxışında “Avrasiya İqtisadi İttifaqı iqtisadi birlikdir və onun siyasi və geosiyasi gündəmi olmamalıdır” deyə bildirmişdi.
Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Azər Həsrət bildirib ki, Nikol Paşinyan öz dövlətinin təmsilçisi olaraq sağa-sola vurnuxur:
"Eyni zamanda özünü siyasi cəhətdən üzdə saxlamağa və dövlətinin maraqlarını təmin etməyə çalışır. Nikol Paşinyan onun üçün çaşqınlıq yaradan vəziyyətlərdən qurtulmaq üçün çabalayır. Bunu etdikcə isə daha da çətin vəziyyətə düşür. Məsələn, Azərbaycan xalqı İlham Əliyevini davranışlarına öyrəşib. Bilirik ki, o, dəqiq, qəti, qərarlıdır və öz sözünün ağasıdır. Yəni biz buna öyrəşmişik və Nikol Paşinyanın davranışlarını anlamaqda çətinlik çəkirik. Ümumiyyətlə Nikol Paşinyanın bütün fəaliyyəti qarışıqlıqlarla doludur. Paşinyanın bir tərəfdə başqa söz, digər tərəfdə isə fərqli fikir irəli sürdüyü az olmayıb. Bütün bunlar isə Nikol Paşinyanın yetərincə siyasi dövlət idarəetmə təcrübəsi olmamağından irəli gəlir. Biz isə buna görə heç vaxt narahat deyilik, heç buna səbəb də yoxdur".