Azərbaycan Prezidenti İlham Əliyev Peterburqda təntənəli şəkildə qarşılandı. Bundan əlavə, Vladimir Putinlə Azərbaycan liderinin bir-birini necə səmimi salamlaması da diqqət çəkir. Bu olduqca əhəmiyyətlidir. Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı əsas tərəfdaşıdır.
Bunu rusiyalı maliyyəçi və siyasi şərhçi Aleksandr Razuvayev deyib.
“Putin dəfələrlə deyib ki, öz milli maraqlarını qoruyan güclü suveren dövlətlərlə işləmək çox rahatdır: onlarla razılığa gəlmək olar. Postsovet məkanında bu ölkə Azərbaycandır. MDB məkanında qeyri-suveren oyunçuya misal olaraq Ermənistanı göstərmək olar, onun Qərblə yaxınlaşma istiqamətində indiki addımları təkcə özünə deyil, həm də MDB “orqanizmində” sabitliyə pis təsir göstərəcək. Ermənistan MDB-də sabitliyin pozulmasının aparıcı qüvvəsidir. Bölgədə xarici oyunçuların maraqlarını təşviq edən belə bir tərəfdaşla işləmək çətindir. Azərbaycanı MDB dövlətləri arasında vasitəçi də adlandırmaq olar. Axı o, MDB strukturunda regional çoxluğu təşkil edən Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirir. Rusiya-Azərbaycan münasibətləri isə strukturu gücləndirən alətdir. Gülə bilərsiniz, amma iqtisadi baxımdan yumurta ilə hekayə bir göstəricidir. Rusiyada müvafiq boşluq ortaya çıxan kimi Azərbaycan və Türkiyə bu kəsiri bağlamağa başladı”, - o bildirib.
Razuvayevin fikirlərinə münasibət bildirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a söyləyib ki, Azərbaycan yalnız təbii müttəfiq ölkə olaraq qardaş Türkiyə ilə əməkdaşlıq edir:
"Digər ölkələrlə, o cümlədən Rusiya ilə maraqlarımız çərçivəsində strateji tərəfdaşlıq qururuq. Hazırda isə regionda Rusiya dövləti ilə maraqlarımız üst-üstə düşür. Bu həm Azərbaycan -Rusiya, həm də rəsmi Moskva və Türkiyə maraqlarının yaxınlaşmasından doğan münasibətlərdir. Həmin əlaqələri isə Azərbaycan öz maraqlarını qorumaq şərtilə daha da möhkəmləndirmək üçün çalışır. Rusiyanın imperialist iştahı Azərbaycanı mənfi yönə aparmadığı təqdirdə Şimal qonşumuz ilə isti münasibətlərin olması yaxşı haldır. İkinci Qarabağ müharibəsi, lokal xarakterli antiterror tədbirləri göstərdi ki, məhz Türkiyə Azərbaycan Rusiya üçbucağının yaxınlaşması nəticəsində biz ərazi bütövlüyümüzü tamamladıq. Sovet məkanında buna ilk imza atan isə məhz Azərbaycan oldu. Yəni Azərbaycan, Türkiyə və Rusiya üçbucağının yaxınlaşması müsbət nəticədən xəbər verir. Həmçinin, Moskva İrəvan münasibətlərinin gərginləşməsi fonunda Azərbaycan Rusiya yaxınlaşması daha da önəmlidir. Bakı bundan İrəvana qarşı öz maraqları üçün istifadə etməyi bacarmalıdır. Rusiya səmimiyyətinə inanmamaq şərtilə maraqlarımız kəsişdiyi müddət ərzində bu ölkədən istifadə etməliyik".