“Azərbaycan əldə etdiyi tarixi zəfərdən sonra bir sıra ölkələrin casusluq şəbəkələrinin obyektinə çevrilib”
Fransanın Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə həbs olunanlardan birinin şəxsiyyəti məlum olub. Bu barədə erməniəsilli fransız jurnalist Leo Nikoliyan məlumat verib. O bildirib ki, həmin şəxs "Merkorama" MMC-nin baş direktoru Martin Rayandır və o, Azərbaycana qarşı casusluqda ittiham olunaraq Bakıda həbs olunub. Onun sözlərinə görə, Rayan onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın Xarici Kəşfiyyat Baş İdarəsi agenti tərəfindən istifadə edilib. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva isə bildirib ki, casusluq əməlləri törətməkdə şübhəli bilinən Fransa vətəndaşı - Martin Rayan 2023-cü il dekabrın 4-də həbs edilib. Diplomatın sözlərinə görə, məhkəmə tərəfindən onun barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Azərbaycan səfiri qeyd edib ki, Fransanın Bakıdakı səfirliyi həmin şəxsin həbsi barədə dərhal məlumatlandırılıb. Martin Rayanın atası Riçard isə bildirib ki, ailə artıq onunla danışıb: “Onunla hər dəfə iki dəqiqə olmaqla dörd dəfə danışmışıq. Oğlum deyir ki, onunla yaxşı rəftar olunur və vəkili ilə əlaqə saxlayır”. Qeyd edək ki, Azərbaycan Fransanın iki diplomatını "persona non grata" elan edib, Fransa da buna cavab olaraq Azərbaycanın iki diplomatı barədə analoji addımı atıb. Məlumat üçün onu da əlavə edək ki, Qərb mətbuatında yayılan məlumatlara əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabrında apardığı araşdırmalarla Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilən Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub. Bundan sonra Fransa Prezidenti Emmanuel Makron Xarici Təhlükəsizlik Baş İdarəsinin rəisi Bernar Emyeni vəzifəsindən azad edib.
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, hər bir ölkənin öz milli təhlükəsizliyini təmin etməsi bütün dövrlərdə aktualdır. Deputatın sözlərinə görə, casusluq fəaliyyəti müxtəlif dövlətlərin bir-birinə müəyyən strateji informasiyalar əldə etmək üçün tətbiq etdikləri klassik metodlardan biridir:
"Casus şəbəkəsi yaratmaq üçün müasir texnologiyaların inkişafı yeni platformalar müəyyənləşdirib. Yeni texnologiyaların tətbiqi milli təhlükəsizliyimizi qorumalı olan qurumlardan daha çox peşəkarlıq, daha həssas fəaliyyət tələb edir. Qürurverici haldır ki, Dövlət Təhlükəsizlik Xidməti və digər müvafiq qurumlar milli təhlükəsizliyimizin keşiyində ayıq-sayıq dayanmağı bacarırlar. Nəzərə almaq lazımdır ki, Fransa kimi dərin məxfilik ənənələri olan bir ölkənin casus şəbəkəsinin ifşa olunması o qədər də asan məsələ deyil. Əgər mütəxəssislərimiz öz vəzifələrinin öhdəsindən gəlirlərsə, deməli, milli təhlükəsizliyimiz etibarlı əllərdədir. Məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, Azərbaycan əldə etdiyi tarixi zəfərdən sonra bir sıra ölkələrin casusluq şəbəkələrinin obyektinə çevrilib. Azərbaycan haqqında daha çox bilgi əldə etmək və ölkəmizə qarşı strateji vasitə kimi istifadə etmək məqsədilə bu cür fəaliyyət növləri təşkil olunur".
Parlament üzvü diqqətə çatdırıb ki, ermənilərin məsələyə diqqət göstərməsi bununla əlaqədardır: "Əgər Fransanın casus şəbəkəsi Azərbaycanda uğurlu olacaqsa, Azərbaycanın müdafiə strukturlarına, təhlükəsizlik strukturlarına nüfuz edəcəksə, əldə olunan məlumatlar mütləq Ermənistana ötürüləcək. Bu da əleyhimizə fəaliyyət üçün Ermənistanın əlinə yeni imkanlar vermiş olacaq. Məsələyə bu kontekstdən yanaşdıqda, həyata keçirilən əməliyyatın əhəmiyyətini daha aydın görmüş olarıq. Azərbaycan hərbi, diplomatik sahədə, həm də xüsusi xidmət orqanlarının timsalında öz təhlükəsizliyini bütün platformalarda təmin etməyə hazırdır".