Yeni təklif paketi: Sülhə yaxınlaşırıq?

İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı daha bir təklif paketi alıb.
Bunu jurnalistələrə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Onun sözlərinə görə, sülh müqaviləsi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.
Ermənistan mənbələrindən alınan məlumata görə təkliflər erməni ictimaiyyətində təəccüb doğurub. 

Məsələ ilə bağlı “Sherg.az”a danışan politoloq Turan Rzayev bildirib ki, prinsip etibarilə Azərbaycanın sülh sazişi ilə bağlı şərtlərini Ermənistana təklif etməsi bir neçə dəfədir baş verir: 
“Ermənistanda öz növbəsində sülh şərtlərini dəyərləndirir və düzəlişlər edərək Azərbaycana geri göndərir. Tərəflər arasında sülh müqaviləsi ilə bağlı təklif planının qarşılıqlı şəkildə göndərilmə prosesi çox müsbət hadisədir. Konkret olaraq nəticə əldə edilməsə belə, geridə qoyduğumuz 30 illə müqayisədə ölkələrin bir-birilə təmasları var. Bu isə sülhə olan pozitiv inamı artırır. Hazırda üzərində işlənilən sülh sənədi Azərbaycanın 5 baza prinsipi əsasında irəli sürdüyü şərtlərdir. Delimitasiya və demarkasiya məsələləri, ərazi bütövlüyünün tanınması və Ermənistan qanunvericiliyində edilə biləcək dəyişikliklər kimi mövzular sənəddə yer tapıbdır”.

Ekspert onu da qeyd edib ki, ilkin sülh müqaviləsinin imzalanma ehtimalı böyükdür: 
“Burada isə Ermənistanın siyasi iradə göstərib, məsələyə konstriktiv yanaşması lazımdır. Azərbaycan sülh müqaviləsinin imzalanmasını istəyir və bu istiqamətdə qərarlı mövqe sərgiləyir. Hətta Qərb platformasında danışıqlar da yenidən başlayıb. Münhendə keçirilən görüş zamanı da kifayət qədər müsbət nəticələr əldə edildi. Amma Ermənistanın kənar qüvvələrə açıq qapı siyasəti yeritməsi, Fransa ilə yaxın təmasların qurulması və sərhəddə təxribatların baş verməsi sülh prosesinə mane olan əsas faktorlardır. Ermənistan tərəfi başa düşməlidir ki, sülh müqaviləsi Azərbaycandan daha çox onların özlərinə sərf edir. 30 il ərzində sülh müqaviləsi olmayanda belə Azərbaycan beynəlxalq arenada tanınıb. Amma Ermənistanın sərgilədiyi mövqe davam edərsə, ölkəsində ciddi demoqrafik problem yaranacaq. Əgər Ermənistanla iqtisadi və siyasi münasibətlər bərpa edilsə, rəsmi İrəvan da Gürcüstan kimi keçid ölkə ola bilər”.