Dünən parlamentdə Nikol Paşinyan və hökumət deputatlarının qapalı görüşü baş tutub.
Bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Bildirilib ki, görüş 3 saatdan çox davam edib.
Nikol Paşinyan əvvəlcə Münhen danışıqlarının nəticələrini, xüsusən də Azərbaycan prezidenti ilə görüşü haqda məlumat verib.
Paşinyan komanda yoldaşlarına eyham vurub ki, danışıqlar prosesində ciddi irəliləyiş yoxdur, Münhen görüşü sadəcə növbəti görüşdür və heç bir mühüm razılaşma əldə olunmayıb.
Paşinyanın fikirlərinə münasibət bildirən politoloq Turan Rzayev “Sherg.az”a söyləyib ki, əvvəlcə mənbənin nə qədər düzgün və qərəzsiz olduğuna baxmaq lazımdır:
“Prinsip etibarilə Münhen görüşü heç də uğursuz keçməyib. Əksinə olaraq kifayət qədər maraqlı məqamlarla yadda qaldı. Əldə edilən nəticələrə baxdıqda sülhə tövhə verəcək razılaşmalar olduğu görünür. Düzdür, ciddi razılaşma əldə edilməsə belə, əsas odur ki, nəticə var. Həmin nəticəni isə müsbət qiymətləndirə bilərik. Təsadüfi deyil ki, Münhen görüşündən 11 gün sonra, yəni sabah Almaniyanın Berlin şəhərində xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu görüş isə Münhendə əldə edilən razılaşmalardan biri idi. Faktiki olaraq Münhendə olan razılaşma ətrafında real nəticələr var. Belə olan təqdirdə sülhə dair neqativ bir şey demək çətindir. Arzu olunan şəkildə sülh sazişi ilə bağlı addımlar atılmasa da, danışıqlar masasında sülh sənədi mövcuddur”.
Ekspert onu da vurğulayıb ki, İrəvan prosesin uzanmasının onların əleyhinə olacağını yaxşı başa düşür:
“Prosesin ləngiməsi bölgədə yeni eskalasiya risqlərini artırır. Digər tərəfdən regionda gərginliyin artmasında maraqlı olan qüvvələr də mövcuddur. Ermənistan isə ikinci bir savaşa hazır deyil və potensialı da yoxdur. Belə olduqda da İrəvanın sülhdən yayınması absurddur. Amma sülh müqaviləsinin olmaması Bakını narahat etmir. Çünki sülh Azərbaycana lazım olsa belə, mütləq deyil. Yəni sülh sazişi olmasa da, Azərbaycan gücü ilə regiondadır. Ermənistan isə blokada şəraitində qalmağa davam edəcək”.