Avropa İttifaqı Ermənistan da daxil olmaqla bütün tərəfdaşlarının hansı assosiasiya və ya təşkilatlarda olmaqla bağlı qərarlarına hörmətlə yanaşır".
Bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Antalya Diplomatiya Forumu 2024 çərçivəsində baş tutan “Cənubi Qafqazda Sülh, İnkişaf və Bağlantı” adlı paneldəki çıxışı zamanı bildirib.
"Ermənistan Avrasiya İqtisadi Birliyinə qoşulmaq barədə qərarı verdi və biz təbii ki, reallığı nəzərə alaraq əməkdaşlığımızı qurmuşuq.
Gürcüstanın Aİ ilə fərqli münasibətləri var, bu ölkə daha yaxın inteqrasiyada maraqlıdır və Aİ üzvlüyünə namizəd ölkədir.
Azərbaycanın Aİ ilə münasibətlərdə öz gündəliyi və maraqları var. Biz bütün ölkələrin əməkdaşlıqla bağlı suveren qərarlarına hörmət edirik", - Klaar deyib.
Klaarın söylədiklərinə münasibət bildirən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Sherg.az”a deyib ki, bizim Avropa İttifaqına ənənəvi qoşulmama siyasətimiz var:
“Bunun bir neçə geosiyasi səbəbləri mövcuddur. 2008-ci ildə Gürcüstanda və 2014-cü ildə Ukraynada baş verən hadisələr buna sübutdur. Azərbaycan öz yolunu seçib və milli maraqlara əsaslanan balanslı xarici siyasət yürüdür. Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlığımız var. Bu gün Cənub Qaz Dəhlizinin (CQD) növbəti iclasının Azərbaycanda keçirilməsi buna nümunədir. Avropa İttifaqının yüksək səviyyəli nümayəndələri bu tədbirdə iştirak edirlər. Bundan sonra da əməkdaşlıq davam edəcək. Digər ölkələrin Avropa İttifaqı ilə olan münasibətləri isə öz seçimləridir. Ermənistan Avrasiya İttifaqının üzvüdür. Gürcüstanın isə Avropa İttifaqı ilə bağlı iddiaları var. Amma Gürcüstanın üzv olması çox uzaq prespektivdə baş tutacaq”.