Avropanın Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq cəhdləri hər gün daha da sürətlənir, çünki Nikol Paşinyan və komandası bu layihədə fəal iştirak edir. Avropalılarla hər rəsmi görüşdən sonra onun ritorikası daha dağıdıcı və təhlükəli olur. Bu, təbii ki, Ermənistan üçün nəticəsiz qalmayacaq.
Bu barədə erməni şərhçi Naira Vanyan yazıb.
Erməni şərhçinin fikrincə, Paşinyan Ermənistanı yeni müharibəyə sürükləyir, geosiyasi güclərin davasına qarışır:
“Paşinyan Zelenskinin yolu ilə gedir, Ermənistanı isə ukraynalılaşdırır. Lakin əgər Ukrayna coğrafi mövqeyinə görə Rusiya ilə müharibədə Avropadan silah almaq imkanına malikdirsə, o silahlar Ermənistana necə çatacaq? Çünki iki qonşumuz düşməndir (Türkiyə və Azərbaycan nəzərdə tutulur - red.), digər qonşumuz İranla münasibətlər gərginləşib, Gürcüstan isə Bakı və Ankara ilə işləyir”.
Vanyan sual verir: Ermənistan Azərbaycan və Türkiyə ilə hərbi qarşıdurmaya gedirsə, Avropa Ermənistana silah göndərmək istəyəcəkmi?
“Birmənalı olaraq yox, çünki Avropa Ermənistanı Türkiyəyə hədiyyə edir. Türkiyə Avropanın bu bölgədəki rəsmi nümayəndəsidir. Antalya Diplomatiya Forumunda Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın dedikləri də bunu təsdiqlədi. Əslində Klaar artıq Rusiyanın regiondan çıxarılması vəzifəsini tamamlanmış hesab edir və onun yerinə Türkiyənin regionda əsas oyunçu olduğunu açıqlayır. Yəni Ermənistan Türkiyə-Azərbaycan tandemi qarşısında tək qalır. Bu isə o deməkdir ki, Ermənistan bir dövlət olaraq məhv olacaq və Ermənistan ərazisi Böyük Turan yoluna çevriləcək”, - erməni şərhçi qeyd edib.
Məsələ ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Azər Həsrət bildirib ki, Ermənistanda bu cür qeyri-sağlam düşüncə bütün fikirlərin üzərində əsas yer tutur:
“Ermənistan dövlətinin nicatı Azərbaycan və Türkiyə ilə normal dost münasibəti qurmaqdan keçir. Ermənistan dövlət olaraq mövcudluğunu qorumaq istəyirsə, mütləq şəkildə Bakı və Ankara ilə anlaşmalıdır. Bunun başqa alternativi yoxdur. Moskva demək olar ki, Cənubi Qafqazda bütün mövqeylərini itirib. Yəni Rusiyadan Ermənistana kömək yolu qalmayıb. Yeni axtarış nəticəsində Ermənistanın Fransada nicat yolu tapması da mümkün deyil. Çünki Paris Cənubi Qafqazda söz sahibi deyil. Burada bölgədən kənarda yerləşən yeganə söz sahibi olan dövlət qardaş Türkiyədir. Türkiyə də təbii olaraq Azərbaycanla birlikdədir. Antalya Diplomatik Forumunda qardaş Türkiyə bir daha vurğuladı ki, Ankara ilə anlaşmaq üçün İrəvan mütləq Bakı ilə yol tapmalıdır. Əks təqdirdə Ermənistanın Azərbaycanı qoyub, Türkiyə ilə yaxınlaşması heç bir nəticə verməyəcək”.
Ekspert bildirib ki, Rusiyanın Ermənistana hücum etməsi ilə bağlı siyasətçilər tərəfindən müxtəlif fikirlər səsləndirilir:
“Bunlar isə tamamilə cəfəng fikirlərdir. Paşinyanın Rusiyanı Ermənistandan birdəfəlik çıxarma cəhdlərini alqışlayıram. Cənubi Qafqazın başına gələn bütün bəlaların səbəbkarı Rusiyadır. Rusiya bölgədə qaldıqca həmin bəlalar da davam edəcək. Məsələn, son zamanlar sərhəddə baş verən atışmaların arxasında Moskva dayanır. Zəngəzur dəhlizinin açılmasının əngəllənməsində də Rusiyanın əli var. Ermənistan da Rusiyanın qorxusundan məsələnin üzərinə açıq şəkildə gedə bilmir. Eyni zamanda Ermənistan açılacaq dəhlizə Rusiyanın nəzarət etməsini istəmir, buna görə də proses uzanır. Ermənistanın Rusiyasızlaşdırılma cəhdlərinə Azərbaycan, Türkiyə və Gürcüstan da dəstək olmalıdır. Çünki Rusiya bölgədən getdikdən sonra Azərbaycanla Ermənistan arasında problemlər aradan qalxacaq”.