Ermənistan heç vaxt Azərbaycana öz ərazisində dəhliz verməyə razı olmayıb.
bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Antalya Diplomatik Forumunda deyib.
“Azərbaycan “Zəngəzur dəhlizi” ifadəsini işlətməkdə davam edir. Ermənistanda Zəngəzur yoxdur. Ermənistan heç vaxt Azərbaycanın öz ərazisindəki hər hansı dəhlizə çıxışına razı olmayıb. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü əsasında Cənubi Qafqazın kommunikasiyasını açmaq istəyirik”, - Rubinyan bildirib.
Rubinyanın fikirlərinə münasibət bildirən siyasi şərhçi Elmir Səftərov “Sherg.az”a vurğulayıb ki, İkinci Qarabağ müharibəsini yekunlaşdıran 2020-ci il üçtərəfli Bəyanatda Ermənistan “bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi” öhdəliyini üzərinə götürüb:
“Bəyanatın 9-cu bəndində göstərilib ki, “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir".
Bəyanatdan keçən 3 ildən artıq zaman ərzində Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirərək Zəngəzur dəhlizi ilə bağlı işləri sürətli şəkildə davam etdirir. Ermənistan isə sadəcə prosesləri sabotaj etməklə məşğuldur. Eyni zamanda, Fransa və Hindistan tərəfindən silahlandırılan Ermənistan Azərbaycanın xəbərdarlıqlarına məhəl qoymayaraq götürdüyü öhdəlikləri yerinə yetirmir. Bu baxımdan da Azərbaycan və Ermənistan tərəflərinin görüşlərindən, sülh müzakirələrindən ciddi nəticələr əldə edilməyəcəyi görünür. Çünki humanitar məsələlərdən olan mina xəritələri Ermənistan tərəfindən Azərbaycana verilməyib. Digər bir tərəfdən Ermənistanın Azərbaycanla şərti sərhəddə üzbəüz mövqelərində Avropa İttifaqı missiyasının və Fransa Jandarmasının həyətlərindən ibarət muzdlu döyüşçülərin də yer aldığı, hər an ciddi təxribata hazır olan dəstələr var. Bu da o anlama gəlir ki, Ermənistan sülh müzakirələri masasından Qərb, xüsusilə də Fransa tərəfindən qaldırılıb”.
Ekspert qeyd edib ki, Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsinin səbəblərindən biri də 2024-cü ilin Zəngəzur dəhlizinin reallaşmasını baxımdan əhəmiyyətli tarixin olmasıdır:
“Oxşar iddialara nəzər salsaq görərik ki, 2023-cü ilin sonunda ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycanın Ermənistana hücum edəcəyini bildirməsi, Avropa İttifaqının ali nümayəndəsi Cozef Borelin oxşar fikirləri, həmçinin Fransanın Ermənistanı silahlandırmasının guya ona hücumla əlaqələndirməsi yaxın zamanlarda şərti sərhəddə vəziyyətin kəskinləşəcəyini deməyə əsas verir. Fransanın, Hindistanın, hətta İranın da ehtiyat etdiyi Zəngəzur dəhlizinin açılması və Türkiyə ilə Azərbaycanın birləşməsi məsələsinin reallaşmaması üçün İrəvana dəstək göstərilir. Bu da Ermənistanda özgüvən yaradır və onu yeni təxribatlara ruhlandırır. Türkiyə, Rusiya, Çin, Böyük Britaniya isə Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. Əgər Ermənistan Zəngəzur dəhlizinin açılması ilə razılaşmasa, Azərbaycan böyük güclərin siyasi və mənəvi dəstəyini alaraq, alternativ imkanlardan istifadə edəcək”.