Bütün yollar Ankaraya aparır -Şərh

Yaxın zamanlarda Paşinyanın Türkiyəyə səfəri mümkündür
 
Qərb dövlətləri marağındadır ki, Türkiyə ilə Ermənistanın
arasında sərhəd açılsın
 
 
 Ermənistanın Baş naziri Nikol Paşinyan “Mülki müqavilə”nin deputatları ilə iclasda bildirib ki, ölkə payızdan gec olmayaraq AB-yə üzv olmaq üçün ərizə təqdim etməyə hazırlaşır. Baş nazir açıq şəkildə deyib ki, Qərb İrəvandan Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün əməli addımlar istəyir və indiki vəziyyətdə bu tələbləri yerinə yetirməkdən başqa çıxış yolu yoxdur. Paşinyan hesab edir ki, Ermənistanın təhlükəsizlik maraqları onun AB üzvlüyünə namizəd olmasını tələb edir. 

 Politoloq Azər Rəşidoğlu "Sherg.az"a deyib ki, Nikol Paşinyan yaranmış vəziyyətdən istifadə edir, çünki bilir ki, hazırda Moskvanın başı Ukraynada qarışıb. Analitikin sözlərinə görə, Moskva Cənubi Qafqazı əldən verməməyə çalışır və bu cəhdlərini qarşıdakı dövrdə daha da artıracaq: 
"Qərb də regionda fəallaşıb və ciddi nailiyyətləri var. Ermənistan demək olar ki, Rusiyanın orbitindən çıxmaqdadır və Rusiya buna görə faktiki olaraq heç nə edə bilmir. Gürcüstan böyük ölçüdə Qərbə doğru getsə də, indiki hakimiyyət Rusiya ilə münasibətləri saxlayır. Amma aydındır ki, əgər Qərb qalib gəlsə, Gürcüstan Qərbə, Rusiya qalib gəlsə, Moskvaya yaxınlaşacaq. Azərbaycan isə heç bir tərəfin Cənubi Qafqazda birmənalı güc olmasını istəmir. Çünki bu, Bakını manevr imkanlarından məhrum edə bilər. Buna görə də Bakı keçmiş balanslı siyasətin davamında maraqlıdır. Azərbaycan Cənubi Qafqazın birmənalı olaraq hansısa güc mərkəzinin təsiri altında olmasını istəmir. Ermənistan Kremlin təsirini azaltmaq üçün Ankara ilə münasibətlərini normala salmalıdır. Paşinyanın Türkiyə ilə sərhədləri açmaq cəhdi buna sübutdur. Qərb dövlətləri də marağındadır ki, Türkiyə ilə Ermənistanın arasında sərhəd açılsın. Qərb tərəfdən Türkiyə ilə Ermənistanın münasibətlərinin yaxşılaşdırılması üçün cəhdlər olacaq. Hətta yaxın zamanlarda Paşinyanın Türkiyəyə səfəri də mümkündür". 



 Ekspertin fikrincə, Qərb Türkiyə vasitəsilə Ermənistan iqtisadiyyatına nüfuz etmək, beləliklə də, İrəvanı Rusiyanın təsirindən tamamilə çıxarmaq istəyir:
 "Bu, asan və tez həll olunacaq məsələ deyil. Amma istiqamət olaraq, bu yöndə yaxın gələcəkdə ciddi addımların atılması mümkündür. Onu da nəzərə alaq ki, İrəvan Rusiyanın maraqlarına qarşı gələrək Zəngəzur dəhlizinin açılmasını istəmir. Bu dəhliz, əslində, Ermənistanın izolyasiyadan çıxması üçün vacibdir. Ancaq Rusiya nəzarəti məsələsi ilə bağlı olaraq İrəvan hələlik dəhlizin açılmasına imkan vermir. Bir sözlə, Paşinyan Qərbin oyununu oynayır. Lakin Ermənistanın ordusu, kəşfiyyatı, iqtisadiyyatı, sərhədləri hələ də Kremlin nəzarətindədir. İrəvan arzulasa belə, Rusiyadan bu tezliklə "boşana" bilməyəcək".