Fransa erməni həmkarlarının ehtiyaclarını dinləyir. İrəvan və Paris əməkdaşlığına gəlincə, bu, yalnız müdafiə sahəsində əməkdaşlıq deyil.
Bunu Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekottini deyib.
“Son 2-3 həftə ərzində Münhendə iki ölkənin xarici işlər nazirlərinin görüşünü keçirmişik, Baş nazir Paşinyan Parisdə olub və Misak Manuşyanın Milli Panteonda yenidən dəfn mərasimində iştirak edib. Prezidentlə Baş nazir arasında da görüş baş tutub. Təbii ki, Sebastyan Lekornunun Ermənistana səfəri də əlamətdar olub. Bu, Fransa müdafiə nazirinin, eləcə də NATO üzvü olan ölkənin müdafiə rəhbərinin ilk səfəri idi, bu, çox əlamətdardır. İrəvanla diplomatik əlaqələrimizin artıq 32 yaşı var. Müstəqil Ermənistanla diplomatik əlaqələr 1992-ci il fevralın 24-də bağlansa da, heç vaxt bu qədər tam və etibarlı olmamışdı. Bəli, biz uzunmüddətli əməkdaşlıq qururuq, o cümlədən müdafiə sahəsində. Söhbət təkcə hərbi təchizatdan getmir, əlbəttə ki, bu da vacibdir. Burada söhbət həm təlim, həm də yüksək rütbəli erməni zabitlərin hazırlanması, eləcə də məsləhətləşmədən gedir. Ölkələrin hərbi akademiyası arasında - məsələn, Fransanın müdafiə nazirinin səfəri zamanı imzalanan sənədlər kimi - imzalanmış razılaşma olanda, əlbəttə ki, siz uzunmüddətli əməkdaşlıq qurursunuz”, - o bildirib.
Olivyenin fikirlərini şərh edən hərbi ekspert Emil Həsənli “Sherg.az”a bildirib ki, Ermənistan Rusiyadan uzaqlaşaraq Fransaya, Amerikaya və Avropaya yaxınlaşır:
“Amerikanın Ermənistanda təlimlər keçirməsi, Fransanın isə silahlar verməsi buna nümunədir. Rəsmi Paris Ermənistanı hər zaman müdafiə edib. Fransa Prezidentinin son açıqlamarı və həyasızcasına Qarabağda Azərbaycan sərhədlərini keçib qanunsuz səfər etmək istəmələri də buna misaldır. Fransa son illər Afrikada xeyli ərazisini və təsir dairəsini itirdi. 300 ildən artıqdır ki, Fransa Afrikada müstəmləkəçilik siyasəti həyata keçirir. Afrikada bir dənə su quyusu belə açmayan rəsmi Paris haqq və ədalətdən danışır. İndi isə Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək istəyir. Azərbaycan dövləti isə öz milli maraqlarına uyğun siyasət aparır. Vaxtilə deyilirdi ki, Ukrayna, Gürcüstan NATO-ya üzv olacaq və münaqişələri həll ediləcək. Azərbaycan isə bütün ölkələrlə balansı əməkdaşlıq etdi və separatizmin kökünü kəsərək problemi yolun qoydu”.
Ekspert qeyd edib ki, Ermənistan digər dövlətlərə arxayın olaraq bölgədə münaqişə ocağı yaratmağa çalışsa, özü böyük çətinliyə düşəcək:
“Məsələn, İrəvan əvvəllər də Amerika, Fransa, Rusiyaya arxayın olub bir milyarddan çox silah almışdı. Nəticə etibarilə zaman bunların heç bir əhəmiyyətinin olmadığını göstərdi. Ermənistan 1828-ci il Türkmənçay müqaviləsindən sonra bu bölgəyə gəlib və 1918-ci ilin 29 mayında beynəlxalq güclərin təsiri ilə onlara dövlət qurulub. Ermənilər ağıllarını başlarına yığmasa, gəldikləri kimi də gedəcəklər”.