Prezident İlham Əliyev Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Emin Zamin oğlu Hüseynov isə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Məsələ ilə bağlı “Sherg.az”a danışan AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, Xankəndi şəhəri, Ağdərə, Xocavənd, Xocalı rayonları və Sərsəng su anbarının qısa müddətdə azad olunması böyük qələbəmizin yekunudur:
“Xankəndi əsas şəhər sayılsa da, tarixən Şuşa mərkəz olub. Amma Sovet dövründə mərkəz Xankəndinə köçürülüb. Xankəndi digər ərazilərdən fərqli olaraq ermənilər tərəfindən dağıdılmayıb. Ona görə də Xankəndiyə qayıdışla bağlı problem olmayacaq. Yaşayış evləri, su və kommunikasiya xəttləri orada mövcuddur. Sadəcə məktəblər, xəstəxanalar və qayıdan insanlar üçün iş yerləri açılmaldır. Prezidentin təyin etdiyi şəxslər bu işləri təşkil etməlidir. Məcburi köçkün rayonlarında indiyə qədər Bələdiyyə seçkiləri keçirilməyib. Çox güman ki, insanların qayıdışından sonra Xankəndi və başqa ərazilərdə Bələdiyyə seçkiləri keçiriləcək. Eyni zamanda bələdiyyələrin salahiyyətləri nisbətən artırılsa, gələcəkdə həmin ərazilərdə sosial problemlərin həllinə köməklik göstərə bilərlər. Ümumiyyətlə, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərə çox diqqət yetirir. Yaxın zamanda Qarabağ Universitetinin fəaliyyətə başlaması Xankəndinin daha da inkişafına səbəb olacaq”.