Bu gün Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümüdür.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “X” hesabında paylaşım edib.
“Biz Britaniya səfirliyiyik, əlbəttə, Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin 32 illiyini qeyd edirik!”, - diplomat qeyd edib.
İki ölkə əməkdaşlığından danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az”a bildirib ki, Azərbaycan və Britaniya əlaqələri strateji münasibətlər sayılır:
“İki ölkənin bir-birinə əməkdaşlığındakı birinci amil enerji diplomatiyasıdır. Eyni zamanda bu enerji təhlükəsizliyi aspektindən də ölçülür. Britaniyanın ənənəvi imperial təcrübələri çox genişdir. London strateji, coğrafi mövqeyinə görə digər ölkələrə baxan bir dövlətdir. Bu baxımdan Azərbaycanın coğrafiyası imkan verir ki, Britaniya onun regional mövqeyindən faydalana bilsin. Azərbaycan üçün də Qərbdə belə bir müttəfiqin olması kifayət qədər vacibdir. Azərbaycanla Britaniyanın beynəlxalq təşkilatlarda və xüsusi proseslər zamanı etdiyi strateji əməkdaşlıqlar mövcuddur. Həmçinin bu BP şirkətinin gözü ilə proseslərə baxmağa imkan verir”.
Qeyd edək ki, Azərbaycanla Böyük Britaniya arasında 11 mart 1992-ci ildə diplomatik münasibətlər barədə saziş imzalanıb.