Budur, ingilislər də gəlir! Paşinyanın Mİ6-nın direktoru ilə görüşməsi əbəs deyil.
Bu sözləri rusiyalı politoloq İqor Korotçenko sosial şəbəkə hesabında qeyd edib.
“London Ermənistan hakimiyyətinin KTMT üzvlüyünü dondurmaq qərarını tanıyır və alqışlayır və “Rusiyadan gələn təhlükələr” qarşısında İrəvana dəstək verməyə hazırdır”. Bunu Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Heppi deyib”, - o bildirib.
İqor Korotçenkonun fikirlərinə münasibət bildirən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Sherg.az”a bildirib ki, bütün Qərb ölkələri Ermənistanın KTMT-dən uzaqlaşmasını istəyir:
“Bu isə Ermənistanın öz qərarıdır. Vaxtilə KTMT və Ermənistan, Rusiya əməkdaşlığı Azərbaycana qarşı istifadə olunub. Yəni Ermənistandan bizə qarşı alət kimi istifadə ediblər, İrəvan da bundan bəhrələnib. İndiki halda Ermənistanın Qərbə üz çevirməsi yenə də öz seçimidir. Amma Ermənistanın Fransa ilə əməkdaşlığı Azərbaycana qarşı istifadə edilir. Bunu isə qəbul edə bilmərik və prosesləri yaxından izləyirik. Ümumiyyətlə Ermənistanın Qərblə yaxınlaşması Rusiya orbitindən tamamilə uzaqlaşması demək deyil. Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinə baxsaq xeyli artımın olduğunu görərik”.