"Seperatçıların və Qarabağlıların siyasi müstəvidə Ermənistanda aktivləşməsini Nikol Paşinyan höküməti istəməz”
Özünü buraxmış və artıq mövcud olmayan Qarabağdakı qondarma rejim hazırda Ermənistanda yenidən baş qaldırır. Görünən odur ki, Paşinyan hakimiyyəti də onların fəaliyyəti üçün şəraiti təmin etməyə cəhd göstərir. Eyni zamanda separatçılar fəaliyyət əhatəsini genişləndirərək Qərb təmsilçiləri ilə görüşlər təşkil etməyə çalışırlar.
Mövzu ilə bağlı “sherg.az”a danışan politoloq Natiq Miri bildirib ki, qondarma rejimin yenidən baş qaldırması Ermənistandan daha çox xarici amillərin dəstəyi ilə baş tutur:
“Yəni həm xaricdə yaşayan erməni diasporu, həm Ermənistanın havadarı olan Fransa kimi dövlətlər, həm də Rusiya bu məsələdə aktivdirlər. Çünki həmin qüvvələrin əlində seperatizm geosiyasi alət olaraq istifadə olunub. İndiki vəziyyətdə isə beynəlxalq müstəvidə Azərbaycana qarşı təzyiq tutacaqları yaratmaq üçün seperatizmi yenidən oyatmağa çalışırlar. Qondarma rejimin yenidən baş qadırmasına çalışmaqla Ermənistan dövlətinə də təzyiqlər yaratmaq istəyirlər. Eyni zamanda on minlərlə erməniləri etiraz aksiyalarına qaldırmaqla hökuməti istefaya məcbur etməyə səy göstərirlər. Ona görə də seperatçıların və Qarabağlıların siyasi müstəvidə Ermənistanda aktivləşməsini Nikol Paşinyan höküməti istəməz”.
Qeyd edək ki, Azərbaycan dövlətinin 19 sentyabr 2023-cü il tarixində keçirdiyi antiterror tədbirlərindən sonra qondarma rejim mövcudluğunu dayandırmaq qərarına gəlib. Seperatçıların bir hissəsi Azərbaycanda təcridxanada saxlanılır, digər qismi isə Ermənistanda fəaliyyətini davam etdirir.