ABŞ Polşaya raket satmaq haqda planlarını açıqlayıb.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
ABŞ Dövlət Departamenti Polşaya dəyəri 3,7 milyard dollar olan “AGM-158B-2”, “AIM-120C-8” və “AIM-9X” raketlərini, eləcə də müvafiq avadanlıqları satmağa razılaşıb.
Amerika administrasiyası qərarlar barədə artıq ABŞ Konqresini xəbərdar edib. Birləşmiş Ştatların qanunverici orqanının müqavilələri təsdiqləmək və ya bloklamaq üçün 30 gün vaxtı var.
Qeyd olunur ki, Vaşinqton Varşavanı məxfi sınaq avadanlığı və proqram təminatı, həmçinin zəruri ehtiyat hissələri və texniki xidmətlə təmin edəcək.
Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Polşa NATO üzvü olan bir dövlətdir:
“Polşanın Amerika ilə hərbi sahədə əməkdaşlığı mövcuddur. Eyni zamanda Polşa sərhəd baxımından Rusiyaya yaxın olan ölkələrdəndir. Rəsmi Varşavanın hərbi vəziyyətini və arsenalını gücləndirmək ABŞ üçün önəm kəsb edən məsələdir. Həmçinin Polşanın Rusiyanın ən yaxın müttəfiqi olan Belarus ilə sərhəddinin olması Moskvanın hərbi potensialını nəzarətdə saxlamaq baxımından ABŞ üçün önəmli məqamdır. Rusiya və Amerikanın qarşılıqlı şəkildə bir-birlərinə hərbi istiqamətdə belə cəhdləri müşahidə edilir. Rusiya da öz növbəsində NATO üzvü və Amerikaya coğrafi baxımdan təsir imkanları olan ölkələrlə hərbi məsələləri genişləndirməyə çalışır. Bu addımlar Avropada, Rusiya sərhədləri yaxınlığında, Polşa və onun ətrafında gərginliyin artmasına səbəb olan amillərdir. Amerika, Qərbi Avropa və Şərqi Avropa dövlətlərində belə fikir mövcuddur ki, Rusiya Ukrayna üzərində qalib gəlsə, Baltikyanı ölkələrə, Polşaya və Finlandiyaya da hücümlar edə bilər. Buna görə də zaman-zaman bəzi ölkələr tərəfindən hərbi potensialın yüksəldilməsi qismində işlər görülür. Amma bu tip məsələlər sülh və təhlükəsizliyə xidmət etməkdən daha çox gərginliyə hesablanmış addımlardır”.