Bakıda həbsdə olan keçmiş qondarma rejimin “lideri” Araik Arutyunyanın AzTV-yə müsahibəsi Qarabağdan Ermənistana köçən separatçılar arasında ciddi narahatlığa səbəb olub.
Bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Nəşr yazır ki, separatçı “lider”in müsahibəsində verəcəyi məlumatların, səsləndirəcəyi fikirlərin erməni xalqı üçün ağır nəticələri ola bilər.
Erməni KİV-in məlumatına görə, İrəvanda Arutyunyanın Qarabağ müharibələrində Ermənistanın birbaşa iştirakı ilə bağlı sirləri açacağı barədə narahatlıqlar var.
Məsələni “Sherg.az”a şərh edən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu söyləyib ki, Qarabağ seperatçılarının keçmiş lideri Araik Arutyunyan xeyli sir bilir:
“Onun çox böyük cinayətlərdə əli var. Hətta Gəncənin bonbalanmasını öz üzərinə götürmüşdü. Araik Moskvaya çox müəmmalı səfərlər edir, Ermənistandan silah-sursat alırdı. Eyni zamanda İkinci Qarabağ müharibəsindən sonra ərazilərdə minalar yerləşdirib. Bu baxımdan Arutyunyan kifayət qədər sir saxlayır. Ona görə də Ermənistandakı seperatçılar Artunyunyanın bu sirləri açmasından çox narahatdırlar. Araikin özü də bu cinayətlərinə görə ömürlük həbs cəzası ala biləcəyini yaxşı başa düşür. Cəzasını yüngülləşdirmək üçün bəzi sirləri açmaq qərarına gələ bilər ki, bu da Ermənistanda və keçmiş Qarabağ seperatçıları arasında böyük qorxu yaradır. Müsahibə yayımlandıqdan sonra sirlərin açılmasında Artunyunyanın nə qədər səmimi olduğu bəlli olacaq. Arayik hiylə işlədərək bütün prosesləri gizlədə də bilər”.