Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin Bakıda 9-cu üçtərəfli görüşü keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Azərbaycan XİN başçısı Ceyhun Bayramov tədbirdə açılış nitqi ilə çıxış edərək bildirib ki, təməlində tarixi qonşuluq və dostluq əlaqələri dayanan Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud regional əməkdaşlıq beynəlxalq hüququn ərazi bütövlüyü və suverenlik kimi təməl prinsiplərinə əsaslanır.
“Bu istiqamətdə 3 ölkə arasında mövcud yüksək səviyyəli dialoqun, parlamentlərarası, habelə müxtəlif dövlət qurumları arasında əlaqələrin regional və beynəlxalq platformalar çərçivəsində əməkdaşlığa töhfə verdiyi qeyd olunub. Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, kənd təsərrüfatı, su resurslarının səmərəli idarəçiliyi, yüksək texnologiyalar, turizm, humanitar və s. istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin mövcudluğu bildirilib. Bölgənin alternativ enerji, habelə nəqliyyat-kommunikasiya potensialını nəzərə alaraq, Xəzər və Qara dəniz hövzələrini birləşdirən uğurlu enerji layihələrinin bağlantılar və yaşıl enerji sahələrində təşəbbüslərlə davam etdirilməsinin vacibliyi vurğulanıb”,-məlumatda qeyd olunub.
Üçtərəfli görüşü şərh edən politoloq Turab Rzayev “Sherg.az”a söyləyib ki, Azərbaycan, Türkiyə və Gürcüstan strateji ortaqdırlar:
“Bu ölkələr arasında iqtisadi iş birliyi var. Azərbaycanın bütün neft-qaz, dəmir yol və digər strateji layihələri Türkiyə, Gürcüstan üzərindən keçir. Eyni zamanda Azərbaycan Gürcüstan limanlarından mal və xidmətlərinin çatdırılması üçün istifadə edir. Bundan başqa Anaklia limanı yenə gündəmdədir. Azərbaycan Anakliadakı Qara dəniz su limanının qurulmasında maraqlıdır. Bu liman qurulduqdan sonra faktiki olaraq Azərbaycan Orta dəhlizdə daha böyük tonlajlı yüklər daşıyacaq. Anaklia Cənubi Qafqaz üçün xususi dəniz limanı olacaq. Artıq bununla bağlı müəyyən razılıq əldə edilib. Anaklianın 51 faizi Gürcüstan hökumətində qalacaq, yerdə qalan hissəsinə isə Azərbaycan maliyyə yatırmaqla pay alacaq”.
Ekspert vurğulayıb ki, görüş zamanı digər əsas müzakirə mövzusu hərbi və siyasi təhlükəsizlik məsələlərdir:
“Bu mövzu da Azərbaycan üçün çox vacibdir. Çünki Azərbaycan və Türkiyə Gürcüstanın hərbi müttəfiqi kimi təhlükəsizliyini təmin etmək baxımından çıxış edirlər. Paşinyan bu yaxınlarda çıxışlarından birində bildirdi ki, Azərbaycan, Türkiyə və Gürcüstanın qurduğu üçtərəfli ittifaq rəsmi Tiflisi qorumaq üçün kifayət etmir. Yəni Ermənistan etiraf edir ki, Gürcüstanın hərbi, siyasi təhlükəsizliyini daha çox Azərbaycan və Türkiyə qoruyur. Son zamanlar Gürcüstan üzərindən Ermənistana silahların daşınması Azərbaycanı narahat edir. Azərbaycan bu məsələni də gündəmə gətirəcək. Əgər silah və yüklərin daşınması mütəmadi hal alarsa, bu Ermənistanın kütləvi şəkildə silahlanmasına və Azərbaycana qarşı problemlərə səbəb ola bilər. Düşünürəm ki, görüş zamanı bu məsələ də müzakirə edilib və Azərbaycanın narazılığı Gürcüstana çatdırılıb”.