Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesi Avropa Birliyinin Xarici Əlaqələr Şurasının iclasında müzakirə olunacaq.
Bu barədə Avropa Birliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu gün Brüsseldə AB diplomatiyasının rəhbəri Jozep Borrellin sədrliyi ilə keçiriləcək iclasda AB xarici işlər nazirləri ABŞ Dövlət katibi Entoni Blinkenlə onlayn formatda fikir mübadiləsi aparacaqlar.
“Cari məsələlər çərçivəsində ali nümayəndənin Ermənistan və Azərbaycanın problemlərinə, bu iki ölkə arasında münasibətlərin normallaşması prosesinə, eləcə də AB-nin Ermənistana dəstəyinə toxunacağı gözlənilir”, - məlumatda qeyd olunub.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq İlqar Vəlizadə bildirib ki, tədbiri Borrel keçirirsə, yaxşı nəticə gözləmək olmaz:
“Düzdür, diplomatiyanın öz yeri var. Burada müəyyən tərəflər arasında dialoq mövcuddur. Bu dialoq isə Amerika Birləşmiş Ştatları ilə Avropa Birliyinin (AB) maraqlarını ifadə etməyə hesablanıb. Ötən həftə Avropa parlamentariləri Azərbaycana qarşı növbəti qərəzli qətnamə qeyd ediblər. Digər tərəfdən deputatların bir qismi və təşəbbüs qrupu Avropa Birliyinin rəhbərliyinə Azərbaycana qarşı başqa bir antiazərbaycan niyyəti ilə müraciət ediblər. Bu görüş də antiazərbaycan əhval-ruhiyyəsinin diplomatik müstəviyə keçirilməsindən xəbər verir. Son zamanlar Amerika rəsmiləri də Azərbaycana qarşı qərəzli çıxışlar edirlər. Görüşdən yeganə müsbət gözlənti tərəflərin Azərbaycan və Ermənistanı sülhə çağırması ola bilər”.