Təqribən beş ay ərzində 7825 Qarabağ ermənisi Ermənistanı tərk edib.
Bu barədə erməni KİV məlumat yayıb.
Bildirilib ki, hazırda Ermənistanda yaşayan Qarabağ ermənilərinin böyük hissəsi İrəvandan əlavə, 21890 nəfər olmaqla, Kotayk vilayətində məskunlaşıb.
Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər könüllü şəkildə Qarabağı tərk edərək, Ermənistana axın etməyə başlayıb. Azərbaycan hökuməti Qarabağın dinc erməni əhalisinin təhlükəsizliyinə təminat verərək, onlara Azərbaycan vətəndaşlığını qəbul edərək, ərazidə qalmalarını təklif edib və onlar üçün hər cür şəraitin yaradılacağını vəd edib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Zərdüşt Əlizadə vurğulayıb ki, Qarabağ erməniləri qayıtmaq imkanlarının əridiyini anlayır:
“Eyni zamanda ermənilər başa düşürlər ki, Ermənistanda onları heç bir yaxşı gələcək gözləmir. Ona görə də öz doğma yurdlarını tərk edirlər. Yenidən özlərinə gün ağlamaq üçün Rusiya, Fransa və Amerikada olan dost-tanışlarının yanlarına gedirlər. Qarabağ erməniləri böyük dövlətlərin çirkin oyunlarının qurbanı oldular. Onları aldadaraq dostları ilə düşmən halına salıb, özlərini isə qarət etdilər. İndi də həmin Qarabağ erməniləri canlarını qurtarmaq üçün Ermənistandan köçürlər”.