Putindən əzələ nümayişi: Qələbəsindən sonra Krıma və Sevastopola salam göndərib

Rusiya prezidenti Vladimir Putin seçkilərdə qələbə çaldıqdan sonra Qızıl Meydanda mitinq keçirib. Putin Qızıl Meydandan Ukraynanın ilhaq edilmiş torpaqlarına salam göndərib. 


 
Sherg.az xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyası ilkin nəticələrə görə, Vladimir Putinin 87,29 faiz səslə prezident seçkilərində qalib gəldiyini açıqlayıb. Seçkidən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxan Putin Qızıl Meydanda toplaşan vətəndaşlara müraciət edib.

Tədbir Krımın ilhaqının 10-cu ildönümündə keçirilib. Əvvəlcə Qızıl Meydanda böyük konsert olub. Moskvalılar meydanı əllərində Rusiya bayraqları ilə doldurublar.

Putin prezident seçkilərində üç rəqibi ilə səhnəyə çıxıb. Hamısına bir-bir söz verib.

O, həm də səhnədən Krıma və Sevastopola salam göndərib.

Üç gün davam edən və dünən başa çatan seçkidə Putin beşinci dəfə prezident seçilib. 71 yaşlı Rusiya lideri 2030-cu ilə qədər hakimiyyətdə qalacaq.

2020-ci ildə edilən konstitusiya dəyişikliyi də Putinə 2030-cu ildə yenidən namizəd olmağa imkan verir.