“Bu gün görüşümüzdə Cənubi Qafqazda stabilliyin vacibliyini müzakirə etdik. Biz daha təhlükəli dünya ilə üz-üzə qaldıqca, bu, Avro-Atlantikanın təhlükəsizliyi üçün əhəmiyyət kəsb edir”.
Bunu NATO Baş katibi Yens Stoltenberq İrəvanda Ermənistan Baş nazir Nikol Paşinyanla mətbuata birgə bəyanatında deyib.
O bildirib ki, illərlə davam edən münaqişədən sonra Azərbaycan və Ermənistanın dayanıqlı sülh əldə etmək fürsəti yaranıb.
Stoltenberq Paşinyanı tez bir zamanda Azərbaycanla sülh sazişini imzalamağa çağırıb.
Mövzu barəsində “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Stoltenberqin üç ölkədən istəyi vahid antirusiya mövqeyidir:
“Yəni məsələyə bu prizmadan yanaşmaq lazımdır. Ermənistanda ciddi şəkildə antirusiya əhval-ruhiyyəsi var. NATO baş katibinin səfəri bunu daha da surətləndirəcək. Görünən odur ki, bununla bağlı müəyyən şirnikləndirici təkliflər də olacaq. Qeyd etmək lazımdır ki, Stoltenberq üç Cənubi Qafqaz ölkəsində güclü Qərb dayaqlarını yaratmaq üçün bölgəyə gəlmişdi. Ukrayna müharibəsi kontekstində Rusiyaya qarşı əks mövqe qoymaq üçün hər üç ölkəyə güclü hərbi-siyasi dəstək veriləcəyi bildirilir”.