Yeni müharibə olacaq? - ŞƏRH

Hər hansı problem olarsa, bu barədə məlumat verəcəyik. Tavuş kəndləri (Azərbaycanın Qazax rayonunun işğalda olan kəndləri nəzərdə tutulur – red.) ilə bağlı hər şey açıq və şəffaf şəkildə müzakirə olunur.

Nunu Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan parlamentdə jurnalistlərlə söhbətində deyib.

Qeyd edək ki, Azərbaycan Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4-nün qaytarılmasını tələb edir.
 
Arman Sərkisyanın fikirlərini “Sherg.az”a şərh edən politoloq Tural İrfan söyləyib ki, Ermənistan öncə anklav olmayan kəndləri təhvil verməlidir və verəcək: 

“Müharibənin baş vermə ehtimalı yoxdur və heç xüsusi əməliyyata da ehtiyac qalmayacağını düşünürəm. Baxmayaraq ki, orada müxtəlif erməni qrupları guya, etiraz olaraq dəstə yaradıb, dirəniş göstərmək istəyirlər. Əvvəllər də qeyd etmişdik ki, bu kəndlərdən bir neçəsi anklav olduğu üçün mütləq sərhəd məsələləri, delimitasiya və demarkasiyası olsun. Yaxud da həmin kəndlərə vətəndaşlarımızın Ermənistan ərazisindən keçib rahat gedə bilməsi üçün sülh müqaviləsi imzalansın. Bu olmasa, Naxçıvana Zəngəzurdan necə gedə bilmiriksə, bu da belə olacaq. Anklav kəndləri kiçik Naxçıvan, ora gedən yolları da kiçik Zəngəzur dəhlizi adlandırmaq olar. Amma əvvəlcə 4 kənd qayıdacaq, sonrakı mərhələdə də qeyd olunan açıq qalmış sərhəd məsələləri nizamlanaraq digər kəndlər də boşaldılacaq. Ermənistanım başqa yolu yoxdur. Çünki bu kəndlər baş nazirin rəsmən elan edərək tanıdığı ərazilərimizin tərkibindədir”. 

Ekspert vurğulayıb ki, Ermənistan bunları özbaşına qaytarmır:

 “Azərbaycanın böyük səyləri, dövlət rəhbərliyinin aktiv siyasi fəallığının sayəsində Ermənistan bir növ buna məcbur olur. O kəndlərin və ərazidə mövcud olan kommunikasiya sisteminin, yolun Gürcüstan ilə əlaqələrdə mühüm rolu var. Azərbaycan bu kəndləri qaytarmaqla Azərbaycanın qərb qapısını açır, maneələri aradan götürür və strateji əhəmiyyətli əraziləri bərpa edir. Bu da Ermənistanın növbəti iflası və işğalının ifşasıdır.
Hər halda Ermənistan kimi ixtiyarı özündə olmayan qurumun davranışları deməyə əsas verir ki, son anda təxribatlar da ola bilər. Hər halda oradakı qüvvələrdən hər hansı həmlə olarsa, Azərbaycan tərəfi antiterror əməliyyatları apara bilər. Fransa, İran kimi dövlətlər Ermənistanı revanşa təhrik etsə də, müharibəyə cəhd etmələri inandırıcı deyil. Çünki Paşinyanı Qarabağ boyda ərazini azad edən Azərbaycana qarşı bir neçə kənddən dolayı Ermənistanı tam məhv olmaq təhlükəsi ilə üz-üzə qoyacaq qədər ağılsız hesab etmirəm. O dərk edir ki, müharibə onlar üçün ölüm hökmü olar”.