Aİ-Ermənistan-ABŞ müştərək konfransı açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
XİN qeyd edib ki, sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir.
"Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır", - nazirlik bildirib.
Qeyd olunub ki, Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər:
"Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər. Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda, biz bir daha bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq”.
Məsələni “Sherg.az”a şərh edən "Report" İA-nın əməkdaşı, siyasi şərhçi Kənan Novruzov söyləyib ki, bu iclas Amerika Birləşmiş Ştatları və Avropa İttifaqının birmənalı şəkildə özünü ifşa etməsi deməkdir:
"Brüssel və Vaşinqton dəfələrlə rəsmi açıqlamalar veriblər ki, Cənubi Qafqazda əməkdaşlıq mühitinin təmin olunmasında və Ermənistan Azərbaycan arasında sülhün bərqərar edilməsində maraqlıyıq. Amma 30 il ərzində Azərbaycan torpaqları işğal altında olan zaman ABŞ və Avropa İttifaqı Ermənistana "gözün üstə qaşın var" deməyib. Xüsusilə, ABŞ ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olduğu halda sülhün və tarixi ədalətin bərpası üçün heç bir ciddi addımlar atmayıb. Əksinə olaraq həm işğal dövründə, həm də ondan sonrakı mərhələdə daim Ermənistanın işğalçılıq siyasəti dəstəklənib. Burada məqsəd regionun zəif bəndi hesab olunan Ermənistandan istifadə edərək öz maraqlarının təmin olunmasıdır. ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək istəyir və Rusiyanın təsir imkanlarını azaltmağa çalışırlar. Eyni siyasət Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiya regionları üçün də keçərlidir. Aİ və ABŞ kimi oyunçuların daimi münasibətləri olmur. Sadəcə olaraq daimi məqsədləri nəyi tələb edirsə, ona uyğun əlaqələr qururlar. ABŞ və Aİ-nın siyasəti hazırda Cənubi Qafqazda möhkəmlənməyə yönəldiyinə görə Ermənistanı şirnikləndirirlər. Daha sonra isə öz istəklərinə uyğun idarə edirlər. Ümumiyyətlə, bu kimi bəyanatlar ABŞ və Aİ-nın səmimiliyini şübhə altına alır".