Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər.
Vaşinqton görüşün “Bakı və İrəvan arasında sülh danışıqlarına aid” olduğunu, rəsmi İrəvan isə “üçüncü tərəfə qarşı olmadığını” desə də, Brüsseldə Ermənistanın “təhlükəsizliyinin gücləndirilməsi” adı altında hərbi paktın əldə edilməsinin planlaşdırıldığı haqda məlumatlar var. Görünən odur ki, bu pakt regionda sabitliyin və sülhün bərqərar olmasına qarşı yönəlib. ABŞ və Avropa Birliyi regionu yeni qeyri-sabitlik və fəlakətə sürükləyir. Hərbi pakt Azərbaycana hərbi təzyiq və müdaxilə planının tərkib hissəsidir və Ermənistan revanşa hazırlaşdırılır.
Məsələ ilə bağlı “Sherg.az”a danışan millət vəkili Səməd Seyidov bildirib ki, görüşlə bağlı Azərbaycanın mövqeyi Xarici İşlər Nazirliyi tərəfindən bəyanatda geniş şəkildə verilib:
“Çox təəssüflər olsun ki, Qərb ölkələri Ermənistandan alət kimi istifadə edərək regionda qeyri-sabit vəziyyət yaradırlar. Eyni zamanda regionda sülh prosesinə birbaşa müdaxilə etmək niyyətini ortaya qoymuş olurlar. Bu isə Azərbaycanın apardığı sülh siyasətinə ziddir. Sülhü regionda olan ölkələrlə danışmaq lazımdır. Çünki kənar qüvvələrlə buna nail olmaq mümkün deyil. Ermənistan nə qədər Avropa İttifaqı, ABŞ ilə danışıqlar aparsa da, axırda Azərbaycanla razılığa gəlməlidir. Qranada görüşü regionda Azərbaycansız hansısa prosesi həyata keçirməyin mümkün olmadığını göstərdi. Bu görüş də Ermənistanı növbəti dəfə regionda gedən proseslərlə üz-üzə qoymaq siyasəti güdəcək. Görüşdən müsbət nəticə gözləmək olmaz. Əgər onlar müsbət məsələ istəsəydilərsə, Azərbaycan və Ermənistan arasında gedən danışıqlara dəstək verərdilər. Avropa Birliyinin Müşahidə Missiyasının Ermənistana göndərilməsi və rəsmi İrəvana təhlükəsizlik qarantiyalarının verilməsi Cənubi Qafqazda sədlərin çəkilməsidir. Bu görüşün nə dərəcədə təhlükəli olması ilə bağlı ciddi siyasətçilər öz fikirlərini bildirəcəklər. Ermənistan rəhbərliyi də bunu başa düşəcək”.