NATO-nun "soyuq müharibə" ritorikası: Rusiya niyə narahatdır?

NATO bu həftə 75-ci yubileyini qeyd etdiyi üçün "soyuq müharibə" zehniyyətinə qayıdıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə bildirib.
"Bu gün Rusiya ilə münasibətlərdə blok "soyuq müharibə" vəziyyətinə qayıdıb", - Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə bildirib.
Zaxarova qeyd edib ki, yubiley qeyd etmək üçün heç bir səbəb yoxdur. Onun sözlərinə görə, alyansın “çoxqütblü dünyada” yeri yoxdur.

Mövzu ilə bağlı “Sherg.az”a danışan tanınmış jurnalist, politoloq Fuad Abbasov bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin  sözçüsü Mariya Zaxarova İngiltərənin keçmiş məşhur baş naziri Vinston Çörçill deyil:
“Zaxarovanın açıqlaması Çörçillin Fulton çıxışından çox fərqlidir. Mariya Zaxarova bu açıqlaması ilə yenidən “soyuq müharibə”ni bərpa edəcək iqtidarda deyil. Amma həqiqətən də NATO Rusiya ilə münasibətləri indiyə qədər olan münaqişələr içərisində hərbi qarşıdurma halına gəlib. İkinci Dünya savaşından sonra Sovet İttifaqı ilə Amerika başda olmaqla NATO ölkələri arasında qarşıdurmanın Əfqanıstan, Vyetnam, Çexoslovakiya və Macarıstan kimi bir sıra ölkələrdə şahidi olduq. Amma heç bir münaqişə Ukrayna-Rusiya müharibəsi səviyyəsinə qədər qalxmamışdı. Mariya Zaxarovanın fikirlərində həqiqət payı var. NATO 75 illik yubileyi ərəfəsində “soyuq müharibə” zehniyyətinə qayıdıb. Rusiya Prezidenti Vladimir Putin 1999-cu ildə Qərb mətbuatına açıqlamasında “Niyə də Rusiya NATO-nun üzvü olmasın?" şəklində ortalığa ritorika qoymuşdu. Bu ritorika hazırda da müzakirə edilir. 2001-ci ilin sentyabr 11-də Amerikada yerləşən “Əkiz” qüllələrə edilən terror əməliyyatı Rusiya və Amerikanı birləşdirmişdi”.

Ekspert qeyd edib ki, bu günkü gedişat Rusiya və NATO arasında ciddi qarşıdurmaların olduğunu sərgiləyir:
“Bəzi məlumatlara görə NATO standartlarına uyğun təlim almış keçmiş Qarabağ separatçıları indi də Fransa tərəfindən Ukraynaya göndərilərək Rusiyaya qarşı vuruşur. Rusiya tərəfindən bu məsələlər ciddi şəkildə araşdırılmalı və Ermənistana qarşı tədbirlər alınmalıdır. Eyni zamanda başda Fransa olmaqla NATO ölkələrinə  Rusiya tərəfindən necə cavab verilməli  olduğu göstərilməlidir”.