Qərb regionda yeni prosesə başlamağı planlayır
Brüsseldə aprelin 5-i keçirilməsi planlaşdırılan Ermənistan-AB-ABŞ üçtərəfli görüşü regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq. Bu barədə Türkiyə XİN məlumat yayıb. Bildirilib ki, Azərbaycanın iştirakını nəzərdə tutumayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etməkdənsə, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacaq.
"Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsi və 19-20 sentyabr 2023-cü ildə Qarabağda keçirilən antiterror tədbirləri vasitəsilə bütün əraziləri üzərində suverenliyini bərpa etməsi nəticəsində regionda davamlı sülh və sabitlik üçün tarixi fürsət yaranıb. Tarixi fürsətin uğurlu nəticəyə bu qədər yaxın olduğu bir vaxtda üçüncü tərəflərin, xüsusən də regiondan kənardan olan aktorların prosesə ədalətli və qərəzsiz yanaşması və ona hər hansı zərər vurmaqdan çəkinməsi daha vacibdir. Bu kontekstdə aprelin 5-də Ermənistan, AB və ABŞ arasında keçiriləcək üçtərəfli görüşün regionun mürəkkəb problemlərinin həlli üçün əsas olmalı olan neytral yanaşmaya zərbə vuracağını açıq şəkildə vurğulamaq bizim borcumuzdur", - məlumatda qeyd edilib.
Türkiyə XİN təkrar üçüncü ölkələri regionun parametrlərini nəzərə almağa və münaqişə tərəflərinə bərabər məsafədən yanaşmağa çağırıb:
"Biz qəti şəkildə inanırıq ki, Cənubi Qafqaz davamlı sülh və sabitlik əsasında çiçəklənəcək və regional rifaha nail olacaq. Həmişə olduğu kimi, Türkiyə bu məsələdə öz üzərinə düşəni etməyə və Azərbaycanla Ermənistan arasında davamlı sülhün təşviqinə davam edəcək".
Mövzu ilə bağlı “Sherg.az”a danışan Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan terrorçu ünsürlərə qarşı əməliyyat keçirərək, öz ərazi bütövlüyünü təmin etdi:
“Türkiyə isə ərazi bütövlüyü üçün dərhal müdaxilə edərək üçlü sülh infrastrukturunu yaratmalı idi. Cənubi Qafqazda sülhün əsas nöqtəsi Türkiyə, Ermənistan və Azərbaycan arasında üçtərəfli barışdır. Digər tərəfdən Cənubi Qafqazda maraqları olan bütün dövlətlər regionda öz istəklərinə uyğun prosesləri idarə etmək istəyirlər. Bu kontekstdə Amerika və Avropa Birliyi Ermənistan lideri olan Paşinyanı öz ayaqlarına çağıraraq regionda yeni prosesə başlamağı planlayır. Bu, birbaşa Ermənistan və ya Azərbaycanın xeyrinə deyil, daha çox İran və Rusiyaya qarşı əməliyyat kimi qəbul edilirdi. Ona görə də Rusiya dövlət rəsmiləri mütəmadi olaraq bəyanatlar verir, Azərbaycanı da bu razılaşmaya qarşı olmağa çağırırlar. Burada Türkiyənin böyük rolu və narahatlığı da çox önəmlidir. Türkiyə Azərbaycanın verdiyi dəstək nəticəsində imzalanan 10 noyabr müqaviləsində sülh gücü adı ilə yer almaq istəyirdi. Rusiya bununla raşılaşmadığı üçün Ankaranın bu istəyi baş tutmadı. On noyabr müqaviləsi imzalanan kimi Türkiyə Ermənistanı nəzarətə götürmək üçün sərhəd qapılarını açıb İrəvana zeytun budağı uzatmaqla prosesi öz nəzarəti altında həyata keçirə bilərdi. Amma Türkiyə bunun əvəzində "3+3" formatı təklif etdi. Beləliklə rəsmi Ankara regiona sülhü birlikdə gətirmək üçün Rusiya, İran, Gürcüstan, Ermənistan, Azərbaycan və Türkiyə formatına üstünlük verdi. Bu, isə Gürcüstanın prosesə qoşulmaq istəmədiyi üçün alınmadı”.
Ekspert vurğulayıb ki, Ukrayna müharibəsindən sonra ABŞ və Avropa Birliyi Rusiyaya qarşı yeni cəbhə açmaq üçün Ermənistan vasitəsilə regionda mövcudluqlarını davam etdirmək planı qurublar:
“Bu günkü görüş bu planlaşdırmanın davamı kimi qiymətləndirildiyi üçün Rusiya tərəfindən təşəbbüs tənqid olunub. Türkiyənin ABŞ və Avropa Birliyi ilə bu gün keçirilən görüşlə bağlı fikir bildirməsi çox vacib olsa da, həmin güclər buna qarşılıq verməyəcəklər. Türkiyə bütün alternativlər aradan qaldırıldıqdan sonra ifadə etdiyimiz üçlü sülhün imzalanması təşəbbüsü ilə çıxış edə bilər. Bu kontekstdə rəsmi Ankara qətiyyətli mövqe tutmalı və Türkiyə-Ermənistan-Azərbaycan arasında heç bir ilkin şərt olmadan sülh yaratmalıdır. Brüsseldə keçiriləcək görüşdə daimi nəticə əldə etmək mümkün görünməsə də, burada hansı qərarın qəbul edilməsindən asılı olmayaraq heç bir məcburi element olmayacaq. Türkiyə, Azərbaycan və Ermənistan Cənubi Qafqazda sülhə birlikdə nail olmalıdırlar”.