Elmar Məmmədyarov: İranın susqunluğu Ermənistanda nüfuzunu gücləndirməyə hesablanıb

Biz sülhün olduğu Cənubi Qafqaz istəyirik.
Bu barədə ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşündən əvvəl bildirib.

“Biz Ermənistan xalqının gələcəklə bağlı baxışlarını bölüşürük və bu ölkənin güclü, müstəqil və qonşuları ilə sülh şəraitində yaşamasını və region ilə əlaqələnməsini istəyirik. ABŞ və Aİ bu səylərinin həyata keçməsində tərəfdaşdır”, - Blinken deyib.

O, Ermənistan hökumətinin islahatlarını dəstəklədiklərini və bu istiqamətdə investisiya qoyduqlarını bəyan edib: “Belə ki, 2023-cü ilin büdcəsindən bunun üçün 65 milyon dollar ayrılıb ki, bu da iki il əvvəllə müqayisədə daha çoxdur”.

Blinken Ermənistanın iqtisadi və siyasi dayanıqlılığının güclənməsi üçün dəstəyi davam etdirdiklərini vurğulayıb.

Avropa İttifaqı isə Ermənistana 270 milyon avro məbləğində qrant yardımı ayıracaq.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşündən əvvəl bildirib.

O qeyd edib ki, bu vəsait qarşıdakı 4 il ərzində ayrılacaq: “Biz Ermənistan iqtisadiyyatının və cəmiyyətinin şoklara dayanıqlı və güclü olması üçün investisiya qoyacağıq, eyni zamanda, Ermənistanda kiçik və orta sahibkarlığı dəstəkləyəcəyik. Bununla da Ermənistanın böyüməsi, inkişafı və yeni bazarlara çıxışına kömək edəcəyik. Biz həmçinin aparıcı infrastruktur layihələrinə investisiya qoyacağıq. Məsələn, Qara dəniz sualtı kabel layihəsi Avropaya təmiz enerji gətirəcək. Biz Ermənistanın “yaşıl enerji” istehsalına və Gürcüstanla daha yaxşı əlaqələnməsinə dəstək verəcəyik”.


Məsələni “Sherg.az”a dəyərləndirən sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Aİ və ABŞ Ermənistanın iqtisadiyatına yardım göstərməklə rəsmi İrəvanı Moskvanın orbitindən tamamilə çıxarmağa çalışır:
“Ermənistanın bütün iqtisadiyyatının Rusiyadan asılı olduğunu hər kəsə bəllidir. Ona görə də Avropa İttifaqı müxtəlif infrastruktur layihələrinə sərmaya qoymaqla Ermənistan vasitəsilə Rusiyanın nüfuzunu aşağı salmaq istəyir. Sözügedən məbləğ o qədər də yüksək hesab edilmir. Ermənistanın bütün iqtisadiyyatı Rusiyanın şirkətlərinin əlindədir. Bu məqsədlə  Avropanın Ermənistana sərmaya ayırması böyük nəticə verməyəcək. Bu görüşdə də elə əsas məqsəd Rusiyanın siyasi çəkisini aşağı salmaqdır. İranın susqunluğu isə Ermənistanda öz nüfuzlarını gücləndirməyə hesablanıb”.