İrəvana müəyyən şərtlərlə, Paşinyan qarşısında tələblər qoymaqla maliyyə vəsaiti verilir
Brüsseldə keçirilən ABŞ-AB-Ermənistan sammitindən gözləntilər özünü doğrultmadı. Ermənistanın Rusiyadan iqtisadi asılılığının azaldılması niyyəti ilə “tarixi dönüş” olacağı və İrəvana ciddi maliyyə dəstəyi göstəriləcəyi gözlənilirdi. Hələ bir neçə gün öncə Ermənistan mediası İrəvana 7-8 il müddətinə ildə 3 milyard avro ayrılacağı barədə informasiya yaymışdı. Lakin Brüsseldə Avropa Birliyinin Ermənistana 270 milyon avro qrant verəcəyi, ABŞ-nin isə illik yardımı 65 milyon dollara qaldırdığı elan edildi. Məsələ ondadır ki, AB-nin ayırdığı 270 milyon avro qrant 4 ili əhatə edir. Yəni ABŞ 65 milyon dollar, AB isə təxminən bir o qədər avro (67,5 milyon avro) ayırıb. Məbləğ heç də 350 milyon deyil, ildə ümumilikdə 140 milyon dollar civarındadır. “Hraparak” qəzetinin məlumatına görə, iqtidaryönlü dairələr belə qənaətə gəliblər ki, Qərbdən ciddi maliyyə dəstəyi şəklində konkret təminatlar tələb olunmalıdır. Hətta hesablayıblar ki, Qərb ən azı 7-8 il ərzində Ermənistana hər il 2-3 milyard dollar ayırmalıdır ki, İrəvan iqtisadiyyatını şaxələndirib Rusiyadan ayrılsın. Rusiya isə regiondan sıxışdırılmalıdır. Ermənistanın Baş naziri Nikol Paşinyan da deyib ki, Avropa İttifaqı (Aİ) və ABŞ ilə iqtisadi əlaqələri inkişaf etdirməyin vaxtıdır: "İnvestisiya mühitini Avropa və ABŞ şirkətləri üçün daha cəlbedici etməyə hazırıq. Qərbin işgüzar dairələri arasında əlaqələrin gücləndirilməsi ilə bağlı yardımlar gözləyirik". Erməni ekspertlər ayrılan təxminən 350 milyon dolların Ermənistana heç bir təsir etməyəcəyi, Rusiyanın qaz qiymətlərini qaldıracağı halda bu vəsaitin əriyəcəyini bildirirlər. Ermənistanın Tətbiqi Siyasi Araşdırmalar İnstitutunun elmi işçisi Sergey Melkonyan hesab edir ki, Brüsseldə baş tutan üçtərəfli görüş İrəvana heç bir xüsusi bonus gətirməyib. Melkonyanın sözlərinə görə, Paşinyan İrəvana vəsaitlə qayıtdı, lakin “heç bir milyarddan söhbət getmir”. Ekspert hesab edir ki, Nikol Paşinyanın vəzifəsi Ermənistanın Avropa istəkləri ilə bağlı bəyanatların sadəcə söz olmadığını sübut etmək və bunu erməni cəmiyyətinə göstərməkdir: "Daxili auditoriyaya onun keçdiyi kursun mif olmadığını göstərmək əsas məqsəddir. Rusiya Ermənistanın ehtiyac duyduğu təhlükəsizlik təminatçısı ola bilməz. Amma belə çıxır ki, artan təhlükəsizlik yox, təhlükədir".
Siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a açıqlamasında bildirib ki, onsuz da Avropada, ABŞ-də məskunlaşmış erməni diasporu, müxtəlif qeyri-hökumət təşkilatları, ictimai birliklər Ermənistana fərqli formalarda qrantlar, yardımlar göndərirdilər. Ekspertin sözlərinə görə, müəyyən məbləğlərdə vəsaitləri adını müxtəlif fondlarla əlaqələndirərək Ermənistana yollayırdılar:
"İndi Qərb metodu dəyişib. Əvvəlki qaydada göndərilən pullar hazırda Ermənistanı əldə etmək, sahiblənmək məqsədi ilə göndərilir. Yəni İrəvana müəyyən şərtlərlə, Paşinyan qarşısında tələblər qoymaqla maliyyə vəsaiti verilir. Əlbəttə, ayrılan vəsaitin miqdarına nəzər yetirdikdə aydın olur ki, ümumilikdə 140 milyon dollar civarındakı maddi yardım Ermənistanın büdcəsini doldurmağa qətiyyən kifayət etmir. Heç normal səviyyədə insanların rifah səviyyəsini yüksəltməyə də yaramır. Ermənilərə bir müddətlik gözəl həyat yaşatmağa da çatmır. 270 milyon avro və 65 milyon dollar konkret hansısa layihəni həyata keçirmək üçün böyük məbləğ kimi görünə bilər. Amma zəif və məğlub bir ölkənin insanlarının sosial rifahını dirçəltməyə, dövlətin başqa dairələrindən asılılığını azaltmağa kifayət etmir. Bir ölkənin ümumilikdə iqtisadiyyatını qaldırmaq üçün kifayət qədər böyük vəsaitlər tələb olunur. Ən ciddi reallıq odur ki, Ermənistan iqtisadiyyatı bütövlükdə Rusiyanın təsiri altında, Moskvanın nəzarətindədir. Ermənistanın dəmir yollarından tutmuş, təbii qaz xətlərinədək ən kritik sahələri Rusiyanın kontrolundadır. Belə şəraitdə bir neçə yüz milyon avro bu reallığı dəyişdirmək gücündə deyil".