Azərbaycan hər şeyə hazır olmalıdır
"Brüsseldə keçirilən üçtərəfli konfrans Ermənistan üçün çox ciddi nəticələr doğuracaq". Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Abutalıb Səmədov deyib. Ekspertin sözlərinə görə, şübhəsiz ki, görüşdə müzakirə olunan əsas məsələlərdən biri Ermənistana hərbi yardım göstərilməsi və Ermənistanın hərbi gücünün artırılması idi: "Məhdud informasiyalar göstərir ki, görüşün əsas məqsədi Ermənistanı Rusiyadan tamamilə qoparmaq istiqamətində fəaliyyətin qurulması olub. Ermənistan Rusiyadan ilk növbədə iqtisadi baxımdan asılıdır. Ona görə böyük ehtimal görüşdə daha çox iqtisadi məqamlar müzakirə predmetinə çevrilib. Rusiyanı bu məsələdə əvəzləməyin yolları axtarılıb. Hərçənd onlar da bunun nə qədər çətin olduğunu anlayırlar. Rusiya Ermənistana qaz tədarük edir. Moskvanın oyundankənar vəziyyətdə qoyulması üçün digər tədarükçü tapılmalıdır. Bu, ya Azərbaycan, ya da İran ola bilər. Üstəlik, nəzərə alaq ki, Rusiya qazı Ermənistana kifayət qədər ucuz qiymətə verir. Həmçinin Rusiyada təqribən 1 milyona yaxın erməni işləyir. Onlar ötən il 4 milyard dollar məbləğində vəsaiti Ermənistana göndəriblər. Bu qədər adamı harada işlə təmin etmək olar ki, bir ildə dörd milyard gəlir əldə etsinlər?! Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır. Ermənistanın xarici ticarət dövriyyəsinin 35 faizdən çoxu Rusiyanın payına düşür. Ermənistan məhsulları Avropa bazarına girə bilərmi? AB-nin 4 il ərzində ayırdığı 270 milyon avro, o cümlədən ABŞ-nin 65 milyon dollar vəsait gülünc rəqəmdir. Çünki ermənilər milyardlara ümid bəsləyirdilər. Amma ona dilənçi payı verildi".
Analitik vurğulayıb ki, Rusiyanın Ermənistanda hərbi bazası var və 5 minə yaxın hərbçi həmin bazada yerləşdirilib: "Ermənistan sərhədləri də rus əsgərləri tərəfindən qorunmaqdadır. Onların da sayı təxminən 5 minə yaxındır. Bu hərbi qüvvə gələcəkdə hakimiyyətin hərbi yolla dəyişməsində aktiv şəkildə iştirak edə bilər. O baxımdan Brüsseldə pərdə arxasında Ermənistana hərbi dəstək məsələsinin müzakirə olunması istisna edilmir. Ancaq nəzərə alaq ki, həmin yardımlar daha ciddi miqyasda Ukraynaya da edilir. Təkcə ABŞ-nin müharibədən bu yana Kiyevə göstərdiyi hərbi yardım 45 milyard dollar səviyyəsindədir. Amma bu vəsait Ukraynaya ciddi üstünlük qazandırmayıb. Əskinə, son dövrlərdə hərbi əməliyyatlarda Rusiyanın üstünlüyü müşahidə olunur. Ermənistana hansı miqyasda hərbi dəstək göstərilməlidir ki, Rusiyanın qarşısında təhlükəsizliyi təmin olunsun. Paşinyan küçədən gəlmiş bir siyasətçi kimi çox təhlükəli bir avantüraya başladı. 2023-cü ilin əvvəlindən etibarən antirus bəyanatlar verməklə başlayan proses Ermənistana ciddi problemlər yaradacaq. Azərbaycan da hər şeyə hazır olmalıdır".