“Qərbin qayəsi, istəyi bölgəyə soxulmaq və tez zamanda regionda öz kontingentini yerləşdirməkdir”
Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və Ermənistan rəhbərliyi arasında baş tutan Brüssel görüşündə əsasən Ermənistana iqtisadi yardım, Avropa İttifaqı tərəfindən 270 milyon avro, ABŞ tərəfindən isə 65 milyon dollar vəsait ayrılması qərara alındı və demokratiyadan, islahatlardan bəhs edildi. Lakin üçtərəfli görüşün qapalı keçirildiyini nəzərə alsaq, orada hərbi paktın, Ermənistana hərbi dəstəyin və digər güzəştlərin də müzakirə edilmədiyinə inana bilmərik. Çünki bu görüşdə inklüzivlik təmin edilməyib. O baxımdan Brüssel görüşünün və aparılan danışıqların regionda hansı qorxulu, təhlükəli və faciəvi prosesləri şərtləndirə biləcəyini indidən proqnozlaşdırmaq mümkündür. Şübhəsiz, hadisələrin bundan sonrakı bütün mənfi ssenari üzrə inkişafının məsuliyyəti Ermənistanın və onun havadarlarının üzərindədir. Azərbaycan bundan sonrakı proseslərdə heç bir məsuliyyət daşımır. Prezident İlham Əliyev və Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə apardığı danışıqlar da göstərdi ki, yeni reallıqda Azərbaycan-Türkiyə birliyi sarsılmazdır. İstənilən halda, xüsusən, indiki şəraitdə birliyimizi həmişə gücləndirməliyik. Təhlükələr və təhdidlər dostluğumuzu, qardaşlığımızı möhkəmləndirməlidir.
Politoloq Tofiq Abbasov "Sherg.az"a bildirib ki, ABŞ, Avropa Birliyi "Brüsseldə Ermənistana sadəcə iqtisadi yardımlar müzakirə olunub" deməklə aldadıcı manevrlə məşğul olublar. Ekspertin sözlərinə görə, Ermənistana açıq-aşkar silah-sursat verilməsi, şərti sərhədlərimizdə baş verən təxribatlar da göstərir ki, ən aktual məsələ İrəvanın hərbi yöndə dəstəklənməsi, təhlükəsizlik təminatı ilə bağlıdır:
"Guya Ermənistanın Qərbə inteqrasiya prosesi gedir. Hətta Qərb rəsmiləri belə fikir də səsləndirirlər ki, Ermənistanın hələlik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalması İrəvanı NATO ilə əməkdaşlığı dərinləşdirməsinə maneçilik törətməyəcək. Açıq görünən odur ki, Qərbin qayəsi, istəyi bölgəyə soxulmaq və tez zamanda regionda öz kontingentini yerləşdirməkdir. Ermənistanı Qərb plasdarm kimi istifadə edir. Ermənistanın Qərb ölkələri ilə bərabərhüquqlu heç bir tərəfdaşlıq imkanları yoxdur. Ermənistan öz subyektini hərraca qoymaq yolu ilə Qərblə əməkdaşlığa gedir. Bu da erməni xalqını aldatmaqdır. Əgər Baş nazir Nikol Paşinyan aldadıcı manevrlərə böyük həvəslə gedirsə, deməli, bilə-bilə xalqını aldadır. Ermənistan daxilində də İrəvan hökumətinin Qərbə yıxılmasını təqdir etməyən ciddi qüvvələr var. Avropa İttifaqının rəsmisi C.Borrel açıq-aşkar bildirdi ki, Qərb ölkələri addımlarını öz maraqları çərçivəsində atırlar. Bu maraqlar da Qərbin Cənubi Qafqaza yerləşməsi və burada möhkəmlənməsidir. Aİ-nin Ermənistandakı missiyası da bu məqsədlə bölgəyə göndərilib".