Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan XİN-in hərbi təxribatlarla bağlı bəyanatına münasibət bildirib. Ayxan Hacızadə deyib ki, Ermənistan tərəfinin son günlərdə bölmələrimizə qarşı törətdiyi hərbi təxribatlardan fikir yayındırmaq məqsədilə ölkəmizi "vəziyyəti gərginləşdirməkdə" təqsirləndirməsi qəbuledilməzdir. Nazirlik rəsmisi deyib ki, onların bu iddialarının heç bir əsası yoxdur: “Ermənistan tərəfindən kütləvi silahlanma siyasətinin onların suveren hüququ olması barədə fikirlərə gəldikdə, məhz nəyə görə Ermənistan tərəfindən bu addımların atılmasının qeyri-legitim olduğu və ölkəmizə qarşı təhlükə yaratdığı hər kəsə aydın olmalıdır. Ermənistan Konstitusiyasında, habelə bir sıra qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar, revanşizm cəhdlərinin mövcudluğu ölkəmizə qarşı Ermənistandan irəli gələn təhdidlərin miqyasını nümayiş etdirir. Bundan əlavə, Ermənistanda hərbi imkan olan zaman, bu ölkənin Azərbaycanın suveren ərazilərini 30 il ərzində işğal etdiyi nəzərə alınaraq, Ermənistana əlavə hərbi güc qazandırmaq səylərinin onların yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə şərait yaradacağı şübhə doğurmamalıdır".
A.Hacızadə qeyd edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan tam hərbi üstünlüyü ilə suveren ərazilərini beynəlxalq hüquqa uyğun olaraq işğaldan azad etdi və Ermənistanın ərazilərinə qarşı təhdid törətmədi: "Qeyd edilən çağırışlar fonunda, müxtəlif bəhanələr gətirməklə Ermənistanın aqressiv silahlanması təhdid mənbəyidir. Ermənistana bu təhlükəli yoldan çəkinməyə çağırış edilməsi zəruridir. Ermənistanın sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməlidir. Azərbaycan bölgədə ona qarşı təhdidlərin qarşısını ciddi şəkildə alacaq".
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev "Sherg.az"a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan öz sələflərindən çox da fərqlənmir. Partiya rəhbərinin sözlərinə görə, Paşinyanın əsas qayəsi öz siyasi ömrünü uzatmaq, rəqiblərini meydandan çıxartmaqdır:
"Paşinyanın ermənilər içərisində "ən yaxşı" olduğu, torpaqlarımızı geri qaytarmağa hazırlaşdığı deyilir. Bunlar yanlış düşüncələrdir. Paşinyan revanşizmin daha da güclənməsi üçün toparlanma mərhələsindədir. Əmin olun, Ermənistan bir qədər güclənsə, təxribatların sayı artacaq. İndiki dövrdə belə ideoloji baxımdan, informasiya savaşı ilə Azərbaycana zərbə vurmağa çalışırlar. Yetəri qədər silahlandıqdan, güc topladıqdan sonra hərbi baxımdan zərbə vurmağa cəhd göstərəcəklər. Ermənistan uzun müddət Rusiyadan təhlükəsizlik təminatı, Qərbdən isə maliyyə təminatı alırdı. Başı Ukrayna savaşına qarışdığı üçün Rusiya Ermənistana diqqət yetirə bilmir. Ona görə də İrəvan hökuməti üzünü Qərbə çevirib. Qərb də Ermənistana həm maliyyə dəstəyi verir, həm də silahlandırır. Heç bir Qərb ölkələri Ermənistana işğalçı gözü ilə baxmır və birbaşa tərəf tuturlar. Qazaxın 7 kəndi, Naxçıvanın 1 kəndi hələ də Ermənistanın işğalındadır. Belə məqamda ermənilərə dəstək vermək həm də işğalı dəstəkləməkdir. Brüssel görüşü də birmənalı Ermənistanın dəstəklənməsi idi. Xristian dünyası açıq-aşkar Ermənistana dəstək verir. Paşinyan da heç bir güzəştə getməyəcək. O ancaq məcbur qalarsa, təzyiqlərlə üzləşərsə, güzəştə gedər. Əks halda Azərbaycan ordusu işğal altındakı torpaqlarını azad etməlidir".