Kollektiv Qərb isə Ermənistanda Rusiya və İranın mövqeyini zəiflətməyi əsas hədəf qoyub
Aprelin 5-də Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinken arasında keçirilən görüş öncəsi regionun demək olar ki, bütün dövlətlərinin rəsmi şəxsləri münasibət bildirdilər. Sözsüz ki, ilk reaksiya rəsmi Bakıdan gəldi. Azərbaycan hesab edir ki, bu cür təşəbbüslər İrəvanı yeni təxribatlara şirnikləndirə bilər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da üçtərəfli görüşün Moskvada narahatlıq yaratdığını bildirdi.
Qeyd etdi ki, bu cür hadisələrin Rusiyanı narahat etməsi səbəbsiz deyil: “Çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas fəaliyyəti Rusiyaya qarşı yönəlib. Onlar bunu birbaşa, açıq mətnlə deyirlər”. Qardaş Türkiyə isə ilk gündən mövqeyini ortaya qoyaraq Brüssel görüşünün regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracağını bəyan etdi. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olundu ki, Azərbaycanın iştirakını nəzərdə tutmayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etmək yerinə bölgənin geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacaq: “Üçüncü ölkələri atacaqları addımlarda regionun xüsusiyyətlərini nəzərə almağa və tərəflərə eyni məsafədən yanaşmağa çağırışımızı bir daha təkrar edirik".
Prosesdə səsini çıxarmayan ölkə İran oldu. Ermənistanın ərazi bütövlüyünü özünün “qırmızı xətti” elan edən, bölgədə sərhədlərin dəyişdirilməsinə dözməyəcəyini, regiona aid məsələləri region ölkələrinin özlərinin həll etməsinin vacibliyini bildirən Tehranın bu yanaşması heç cür anlaşılmır. Cənub qonşumuzun mövqeyi onun regionun böyük dövləti kimi statusuna da uyğun gəlmir. Halbuki Ermənistanla Aİ və ABŞ-nin timsalında kollektiv Qərbin daha isti münasibətlər yaratması İranın maraqlarına uyğun sayıla bilməz. Əvvəllər Rusiyanın forpostu olan Ermənistan hazırda faktiki olaraq, Qərb üçün belə bir funksiya icra etməyə başlayıb. 2022-ci ilin oktyabrında 40 nəfərlik heyətlə Emənistanda fəaliyyətə başlayan, hazırda sayları 209 nəfər olan Avropa İttifaqının mülki müşahidə missiyasının həm də İranla bağlı məlumatlar topladığı iddia edilir.
Əslində, İranın ikili standartlar siyasətinə əsaslanan mövqeyinə öyrəşmişik. İran hər zaman müsəlman həmrəyliyindən danışsa da, əməldə buna zidd yanaşma sərgiləyib. Tehran qonşuluğunda müasir, müstəqil Azərbaycan Respublikasının varlığından həmişə narahatlıq duyub. Azərbaycanı hər zaman zəif, gücsüz görmək istəyib. Bugünlərdə İran hava yollarına məxsus “Boeing” tipli yük təyyarələri ilə Ermənistana davamlı olaraq silah daşındığı məlum olub. Bu barədə məlumat “Maiden tower” teleqram kanalında yayımlanıb.
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, ABŞ Ermənistana bir müddətdən sonra İranla əlaqələri aşağı salmağı tələb edəcək. Analitikin sözlərinə görə, Ermənistan Qərblə əlaqələrini inkişaf etdirdikdən sonra İranla əlaqələrində məsafə saxlayacaq:
"ABŞ Ermənistanın İranla hazırkı isti əlaqələrinə dözümlü yanaşmayacaq. Vaşinqtonun strateji planında İranın təcrid edilməsi və sanksiyaların genişləndirilməsi var. İran-Ermənistan əlaqələri bir müddətdən sonra böhrana yuvarlanacaq. Ermənistan İrana sanksiyalardan yayınmaqda kömək edən əsas ölkədir. Ermənistan vasitəsilə İran Qərb texnologiyalarından öz raket sistemlərini və "Şahed" PUA inkişaf etdirir. Bu silahlardan Ukraynada Qərbə qarşı istifadə edilir. Rusiyanın Ermənistanda mövqeyi zəiflədikcə, növbə İrana çatacaq. Hazırda Tehran rejimi Azərbaycana qarşı Ermənistanın silahlanmasında rol alıb. Qərbin bu ölkədə geosiyasi mövqelərini gücləndirməsini sükutla seyr edir. Tehran rejimi hesab edir ki, Fransa Ermənistanda hərbi varlığını inkişaf etdirməklə, Azərbaycanla sülhün əldə edilməsinin qarşısını alacaq. Sabah Qərbin silahları Azərbaycanı deyil, İranı hədəf alacaq. Qərbin regionda möhkəmlənməsi Azərbaycanın təhlükəsizlik maraqlarına cavab verir. Çünki Rusiya və İranın Azərbaycana qarşı siyasəti birmənalı deyil. İran və Rusiya iki ölkə arasında sülhün əldə edilməsinə qarşıdir. Təbii ki, Azərbaycan Qərblə əməkdaşlığı davam etdirir. Ermənistanın silahlanması Azərbaycanla lokal toqquşmalara gətirə bilər. Bu da Ermənistanın növbəti məğlubiyyətinə səbəb olar. Ümumiyyətlə, kollektiv Qərb Ermənistanda Rusiya və İranın mövqeyini zəiflətməyi əsas hədəf qoyub".