İsrail - İran toqquşması qapıda!

Hər iki ölkə yüksək döyüş hazırlığı vəziyyətindədir

  ABŞ və İsrail İrandan mümkün hücum xəbərləri ilə əlaqədar qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. “Nyu-York Tayms” yazıb ki, İsrail Silahlı Qüvvələri döyüş hissələrinin buraxılmasını ləğv edib. Həmçinin ehtiyatda olan bəzi əsgərlər hava hücumundan müdafiə bölmələrinə çağırılıb, GPS siqnalları bloklanıb. İki İran rəsmisi nəşrə bildirib ki, İrandakı silahlı qüvvələr də yüksək döyüş hazırlığı vəziyyətindədir. Qeyd edək ki, 1 apreldə İsrail Dəməşqdəki İran səfirliyinin yanındakı binaya zərbə endirib, nəticədə SEPAH-ın iki generalı və 5 yüksəkrütbəli zabiti ölüb. İranın qisas alacağı gözlənilir. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Hüseyn Bagiri deyib ki, İsrailə qarşı cavab əməliyyatının necə və nə vaxt həyata keçiriləcəyinə Tehranın özü qərar verəcək. O, 1 apreldə İsrailin İranın Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə görə intiqam alınmasının qaçılmaz olduğuna inandığını bildirib. Onun sözlərinə görə, İsrailin terror hücumuna cavab əməliyyatı dəqiq həyata keçiriləcək və İsrail öz hərəkətlərindən peşman olacaq. Bagiri həmçinin xəbərdarlıq edib ki, Dəməşqə hücuma görə əsas məsuliyyət ABŞ-nin üzərinə düşür və Vaşinqton cavab verməlidir.
  Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a deyib ki, İran və İsrail qarşıdurması müstəvisində hər iki tərəfə məxsus hərbi qüvvələrin son hazırlıq vəziyyətinə gətirilməsi dəfələrlə baş versə də, qarşılıqlı ittiham və lokal hücumlar genişmiqyaslı hərbi toqquşma ilə nəticələnməyib. Ekspertin fikrincə, İranda İslam rejimi qurulduqdan bu günə qədər bəyanatlarında "İsraili xəritədən silmək" hədələrinə artıq alışmışıq: 

"Lakin zaman-zaman İsrail və ABŞ İrana məxsus hərbi obyektləri vurur, nüvə proqramını əngəlləyir və radikal islam terrorçularını zərərsizləşdirir. İran isə qarşılığında sərt bəyanatlar verməklə kifayətlənir. Çünki anlayır ki, hərbi eskalasiyanın artması İran molla rejiminin sonunu gətirə bilər. Genişmiqyaslı müharibənin başlanacağı təqdirdə isə İranın içəridən çox sürətlə dağılacağı qaçılmazdır. Sonuncu hadisədən sonra İranın İsrailə qarşı hər hansı sərt addımlar atacağına inanmıram. Bu baş verərsə, regionda növbəti müharibə ocağı yaranar. Bu da ilk növbədə region dövlətlərinin maraqlarına ziddir. Türkiyə və Azərbaycan məcbur olaraq münaqişəyə qoşular. Bölgədə arzuolunmaz hadisələrin başlanmasına rəvac verilər. İran da vəziyyəti dəyərləndirməlidir. Lakin bu toqquşma gec-tez qaçılmazdır. Baş verməməsi üçün İran müasir həyat tərzinə qayıtmalıdır".