Arşak Karapetyanı ortaya Rusiya atıb

Ermənistanın Qərbyönlü siyasət yürütməklə Rusiyadan uzaqlaşmaq cəhdlərinin Moskvanın müqaviməti ilə qarşılaşacağı adi həqiqətdir

  Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan “Ümumerməni Cəbhəsi” adlı yeni partiya yaradıb. Ötən gün keçirilən qurultayda o, bu siyasi təşkilatın sədri seçilib. Karapetyan bildirib ki, hazırkı hökumət ölkəni idarə etmək iqtidarında deyil. Partiya sədri Baş nazir Nikol Paşinyanı istefaya çağırıb: “Biz daha güclü Ermənistan yaradacağıq. Bütün dəyişikliklərə partiyamız yox, xalq qərar verəcək”, o deyib. Qeyd edək ki, buvaxtadək sözügedən təşkilat hərəkat kimi fəaliyyət göstərib. Əksər ekspertlər bu partiyanın, daha doğrusu, general Karapetyanın birbaşa Rusiyaya, Kremlə bağlı olduğunu deyirlər. Partiyanın yaradılmasının da Moskvanın planı olması qeyd olunur və iddia edilir ki, Kreml Paşinyanı bu yolla devirməyi planlaşdırır.
  Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Ermənistanın Qərbyönlü siyasət yürütməklə Rusiyadan uzaqlaşmaq cəhdlərinin Moskvanın müqaviməti ilə qarşılaşacağı adi həqiqətdir. Ekspertin sözlərinə görə, Rusiyanın bunu sadəcə seyr edəcəyini fikirləşmək sadəlövhlük olardı:

"İstər Ermənistanın keçmiş müdafiə nazirinin yaratdığı partiya, istərsə də başqa təşkilatın Rusiyanın göstərişi ilə Qərbin cəhdlərinə mane olmaq üçün fəaliyyətə keçəcəyi gözlənilən idi. Burada şəxslərin adlarının əhəmiyyəti yoxdur. Hansısa bir erməni fiqurunu Rusiya gec-tez Paşinyanın qarşısına çıxaracaq. Qeyd edilən fiqur da böyük ehtimalla Rusiyanın irəli sürdüyü şəxsdir. Bu fiqurların uğur əldə etməsi onlardan çox Rusiyanın inisiativindən asılı olacaq. Rusiyanın hansı planı reallaşdıracağı prosesin uğurunu təmin edəcək. Təbii ki, Paşinyan da güclənir. Arxasına ABŞ və Aİ-ni aldıqca öz gücünə olan inamı artır. Bu baxımdan Paşinyan da artıq zəif fiqur deyil, hətta deyərdim ki, Ermənistanda ən güclü siyasi fiqurlardan biridir".
  Analitik bəyan edib ki, Rusiya hələlik Ermənistanı güc yolu ilə fikrindən döndərmək istəmir: "Kreml vəziyyəti nəzarətdə saxlayır. Çalışır ki, daxildəki güclərdən istifadə etsin. Amma hələlik Paşinyanın devrilməsi planı reallaşmağa qoyulmayıb. Rusiya mövqeyi erməni cəmiyyətində güclü olan Paşinyandan tam əlini üzmür. Paşinyanın özünün yenidən Rusiyanın təsir dairəsinə qaytarılması, onu devirib, yerinə başqa fiqur gətirməkdən daha məqsədəuyğundur. Bu durumda erməni toplumu birdəfəlik Qərbdən imtina edəcək".