Türkiyənin xarici siyasəti hər zaman dinamikliyi və qətiyyətliliyi ilə fərqlənib. Qardaş ölkə, təbii ki, zamanın çağırışları fonunda öz milli maraqlarına uyğun hərəkət edib. Bununla bərabər, humanizm və bəşəri əxlaq prinsipləri heç vaxt arxa plana keçməyib. Türkiyə böyük dövlətçilik ənənələrinə malik dövlətdir. Regionda və dünyada baş verən proseslər, onların mümkün təsirləri diqqətlə araşdırılır və xarici siyasətin prioritetləri müəyyən edilir. Eyni zamanda Türkiyə Azərbaycan və Ermənistan arasında sülh və sabitliyin təmin olunması üçün əlindən gələni edir. Qardaş ölkə hər zaman Ermənistana Cənubi Qafqazda davamlı sülhə gedən yolun yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qeyd-şərtsiz bərqərar olunması ilə açılacağını bildirib.
Türkiyə, həmçinin Qərbin Azərbaycan əleyhinə qəbul etdiyi addımlara öz mövqeyini bildirib. Məsələn, aprelin 5-i Brüsseldə Avropa İttifaqı, Amerika Birləşmiş Ştatlatı və Ermənistan arasında keçirilən görüşə Türkiyə XİN-nin mövqe bildirməsi buna əyani sübutdur.
Türkiyənin bölgədəki sabitləşdirici rolunu şərh edən xanım politoloq Aytən Qurbanova “Sherg.az”a söyləyib ki, Türkiyə, Azərbaycan əlaqələri beynəlxalq münasibətlər sistemində analoji bənzəri olmayan qardaşlıq və dostluq bağlarının təcəssümü olaraq ifadə olunur:
“İlkin olaraq onu qeyd etmək lazımdır ki, ikitərəfli münasibətlər ikinci Qarabağ müharibəsinə qədər və müharibədən sonrakı dövr olaraq iki mərhələyə bölünə bilər. Birinci mərhələ strateji tərəfdaşlığın bir çox istiqamətdə gücləndirilməsi və əməkdaşlıq imkanlarının dəyərləndirilməsi dövrü olaraq xarakterizə olunur. 44 günlük Vətən müharibəsi və sonrasında imzalanmış Şuşa bəyannaməsi ilə münasibətlər müttəfiqlik səviyyəsinə yüksələrək iki dövlət və ortaq hədəflər olaraq uzunmüddətli və əhatəli yol xəritəsi çərçivəsində daha da möhkəmləndirilmiş oldu. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, düşünürəm ki, Türkiyə və Azərbaycanın bölgədə sülhə nail olmaqla bağlı ortaq maraqları və oxşar strateji hədəfləri var. Bu hədəflərin hər biri beynəlxalq hüuququn aliliyinin təmin olunmasına və ədalətin bərqərar edilməsinə yönəlib. Nəticə etibarilə, Türkiyə Cənubi Qafqaz regionunda həqiqətən də sülh və sabitliyin təmin olunmasını istəyən əsas, bəlkə də yeganə regiondan kənar aktor olaraq dəyərləndirilir”.