"Tehran Ermənistan üzərində ortaq platforma quraraq özünün həyata keçirdiyi nüvə proqramı məsələsində Qərbdən güzəşt əldə edə biləcəyini düşünür"
İran Qərbin Ermənistan üzərindən bölgəyə nüfuz etməsinə, Avropa İttifaqının İrəvana "mülki missiya" göndərməsinə sakit yanaşdığı kimi 5 apreldə Brüsseldə keçirilən üçtərəfli görüşə də susqunluqla yanaşdı. Hər fürsətdə Cənubi Qafqaza yad ünsürlərin yerləşməsindən narahatlıq duyduğunu ifadə edən, özündən "qırmızı xətt"lər uyduran Tehran rejimi Qərbin sərhədlərinə yaxınlaşmasına heç bir reaksiya vermədi. Bu azmış kimi İran hələ də erməniləri silahlandırmağa davam edir.
İran hava yollarına məxsus “Boeing” yük təyyarəsi ilə Ermənistana davamlı olaraq silah daşınması sübut edir ki, İran üçün Cənubi Qafqazda güclü Azərbaycan əvəzinə, təhlükəsizlik və müdafiə qabiliyyəti güclü Ermənistanın mövcudluğu sərf edir. Halbuki Qərbin Ermənistanda möhkəmlənməsindən ən çox İran narahat olmalıdır. Ehtimallar var ki, bu yanaşma İranın digər dövlətlərlə sövdələşməsinin nəticəsidir. Biz erməni rəsmilərinin müsahibələrinə baxanda görürük ki, İranla Ermənistan arasında dostluq münasibətlərinə sadiqlik sezilir. Bu, belə bir nəticəyə gəlməyə əsas verir ki, İran nəinki 5 aprel görüşündən narahat deyil, hətta görüşü dəstəkləyir. Bu, İran və Azərbaycan arasında münasibətlərin normallaşması üçün atılan bütün addımlara ziddir. Bəzi ekspertlərin fikrincə, İran Ermənistanı silahlandırmaqla, həmçinin bu barədə iddiaları qəsdən tirajlamaqla Azərbaycana qarşı təzyiq yaratmaq niyyətindədir. Son günlərdə bəzi İran rəsmilərinin Azərbaycana qarşı səsləndirdiyi bəyanatlar da bu qənaəti gücləndirir. Əslində İranın Ermənistanı silahlandırmasına dair məlumatlar artıq Azərbaycan ictimaiyyəti üçün sürpriz deyil. Vətən müharibəsinə qədər İslam həmrəyliyindən, “tarixi dostluq-qardaşlıq” münasibətlərindən dəm vuran Tehranın müharibə dövründə Azərbaycanın ardıcıl qələbələrindən təlaşa düşərək Ənzəli və Novşəhr limanlarından müxtəlif hərbi texnikaları Ermənistana daşıması faktı unudulmayıb.
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a deyib ki, Brüsseldə 5 apreldə keçirilən üçtərəfli görüş regiondan kənar aktorların, Avropa Birliyinə üzv olan ölkələrin və Amerika Birləşmiş Ştatlarının bölgəyə müdaxiləsini asanlaşdırmaq və müxtəlif hərbi iqtisadi resurslar əldə edilməsi üçün təşkil olunmuşdu. Deputatın sözlərinə görə, region ölkələri bu məsələ ilə bağlı öz mövqelərini ortaya qoydular:
"Amma bu prosesdə sadəcə həmişə qeyri regional aktorların regiona daxil olmasının əleyhinə olduğunu deyən İran susqunluq nümayiş etdirdi. Bu, əslində susqunluqdan daha çox gizli dəstəkdir. Çünki Ermənistanın güclənməsinə münasibətdə Fransanın və Qərbin bəzi institutlarının və İranın mövqeyi üst üstə düşür. Nəticə etibarilə görünən odur ki, Ermənistanın gücləndirilməsi ilə bağlı, xüsusilə Fransa ilə İran arasında gizli bir ittifaq mövcuddur. Bunun çoxsaylı əlamətləri də var. İranın Fransada öz səlahiyyətli fövqəladə və səlahiyyətli səfirini dəyişməsi, Suriyada fəaliyyət göstərmiş bir diplomatın Fransaya səfir göndərilməsi, Ermənistan üzərindən Azərbaycana qarşı və regional sabitliyə qarşı atılmış addım, Fransa-İran ittifaqının nümunəsi kimi qəbul edilə bilər. Buna paralel olaraq, İran Zəngəzur dəhlizinin açılmasını istəmir. Fransa və ABŞ də Zəngəzur dəhlizi açılacaqsa, bunun onların nəzarətində açılmasında maraqlıdır. Hələlik İranla mövqelər üst-üstə düşdüyünə görə bu mərhələdə İran Ermənistanın regiondan qoparılaraq başqa qeyri-regional aktorlarla əməkdaşlığa doğru itələnməsinə dəstək verir".
Parlament üzvü qeyd edib ki, Ermənistan üzərində ortaq platforma quraraq özünün həyata keçirdiyi nüvə proqramı məsələsində Qərbdən güzəşt əldə edə biləcəyini düşünür:
"Bütün hallarda İranın bu cür davranışları regionda Ermənistanı gücləndirməyə hesablanıb. İran çox təəssüf ki, Azərbaycanı düzgün qiymətləndirə bilmir, əksinə, özünə təhdid hesab edir. Düşünür ki, əgər Azərbaycan güclənərsə, İranda yaşayan 30 milyon azərbaycanlı müstəqillik istəyə, müstəqil Azərbaycanı cazibə mərkəzi kimi görə bilərlər. Məsələnin mahiyyəti bundan ibarətdir. Ona görə İran rejimi azərbaycanlıları daim ideoloji terrora məruz qoyur ki, guya Azərbaycan "sionizmlə" əməkdaşlıq edir, İsraillə tərəfdaşlıq edir. Bütün bunların hamısı İranın siyasi xofundan irəli gəlir. Azərbaycan daim İranı dəstəkləyib, amma bunun müqabilində heç vaxt İrandan adekvat münasibət görməmişik".