“Brüssel görüşündən sonra regionda gərginliyin artacağı bəlli idi. Ermənistan tərəfi 5 aprel görüşündən sonra ilkin olaraq Naxçıvan ətrafında atəşkəsi pozdu. Dünən və bu gün isə sərhəddə atəşkəsin yenidən pozulmasının şahidi olduq. Rəsmi İrəvan regionda suni gərginlik yaradır. Bölgədə vəziyyətin çətinləşdirilməsi Qərbin İrəvandan istəyi nəticəsində baş tutur”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında politoloq Turan Rzayev 5 aprel Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və Ermənistan görüşündən sonra regionda gərginliyin artmasını şərh edərkən bildirib.
O bildirib ki, Ermənistan Avropa İttifaqı və ABŞ qoşunlarının regiona gəlməsi üçün “münbit” şərait qurmağa çalışır:
“Yəni əsaslandırmaq istəyir ki, regionda həqiqətən gərginlik mövcuddur və sülhün əldə edilməsi üçün Qərb qüvvələri gəlməlidir. Hətta bu prosesi reallaşdırmaq üçün Rusiyanın fəaliyyətsizliyini geniş şəkildə qabardır. Prinsip etibarilə sülh danışıqları fonunda təmaslar davam edir. Ermənistan tərəfi səkkizinci sülh düzəlişini edib və müqaviləni Azərbaycana göndərib. Ortada sülh razılaşması ilə bağlı ilkin sənədin olması və tərəflər arasında müzakirə edilməsi də ciddi irəliləyişdir. Regionda gərginliyin olmasına baxmayaraq sülh prosesinin davam etməsi barışa olan inamı azaltmır. Amma bütün hallarda lokal toqquşma ehtimallarının da yüksək olması sülh müqaviləsi istiqamətində gedən prosesin ləng aparılmasına səbəb olur”.
Ekspert qeyd edib ki,Brüssel görüşü açıq şəkildə Cənubi Qafqazda sülh danışıqlarına mane olacaq konfrans idi:
“Çünki görüşün pərdəarxası məqamları hələ də bəlli deyil. Xüsusilə də bağlı qapılar arxasında danışıqların hansı motivdə və mövzular ətrafında aparıldığı bilinmir. Görüşdən öncə Avropa İttifaqı və Amerika arasında hərbi pakt imzalanması gözlənilirdi. Həmin pakta dair konkret məlumat olmasa da, iddialar aktual olaraq qalır. Çünki məsələnin əksi istiqamətində belə mətbuata açıqlama verilmədi. Regionda Rusiya və Qərb arasında gedən nüfuz mübarizəsi də Ermənistan və Azərbaycan arasında sülh prosesini uzadır. Yəni geniş müstəvidə mübarizə Qərb və Rusiya arasında getsə də, burada Ermənistan və Azərbaycan gərginliyi alovlandırılmağa çalışılır. Ona görə də Ermənistan sülhlə bağlı real addımlar atana qədər görüşlə bağlı açıqlanan qərarların nə olmasında asılı olmayaraq bizim üçün risqlidir”.