Bakı sərt addımlar atmaq üçün imkanlar əldə edəcək
Ermənistan Baş naziri Nikol Paşinyan ordudakı Rusiya şəbəkəsini zərərsizləşdirmək üçün hərəkətə keçib. “Hraparak” qəzetinin yazdığına görə, bununla bağlı Brüsseldə onun qarşısına ABŞ və Avropa Birliyi tərəfindən şərt qoyulub. Qərbdən hökumət və ilk növbədə ordunu Rusiya fiqurlarından təmizləmək şərti var, Paşinyan yaxın həftələrdə bunu həyata keçirməyə başlaya bilər. Artıq müdafiə naziri Suren Papikyan qərbyönlü islahatlara başlayıb, bunlardan biri də ordunun yeni nizamnaməsində planlaşdırılan dəyişiklikdir. Qəzet yazıb ki, Nikol Paşinyan Brüssel görüşündən sonra hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatları ilə görüşməyib və görüşün təfərrüatlarını onlarla bölüşməyib: "Amma yəqin ki, məlumatlar nazir və müşavirlər vasitəsilə komandaya çatdırılıb. Ermənistana 4 il ərzində 330 milyonluq ümumi dəstəyin aysberqin görünən tərəfi olduğu, dərin proseslərin də getdiyi, xüsusilə müdafiə sektoruna investisiyalar və dəstək mövzusunda razılaşmalar əldə edildiyi, bunların da şərtsiz olmadığı komandaya bildirilib. Məsələ budur ki, hakim partiyada dərin narazılıq var ki, Paşinyan aylardır Avropa səfəri ilə bağlı onların başlarını doldurur. Avropa Birliyində onları səbirsizliklə gözlədiklərini, Rusiyaya qarşı sərt siyasətinin səbəbinin də bu olduğunu söyləyir. Amma Brüsseldəki görüş başqa şeyi göstərdi".
Politoloq Azər Rəşidoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan siyasi elitası Rusiyadan narazıdır. Ekspertin sözlərinə görə, Kreml Paşinyan iqtidarına istədiyini vermir:
"Buna görə də İrəvan Rusiyanın orbitindən kənara çıxmaq üçün cəhdlər edir və Avropaya üz tutur. Lakin Ermənistan yaxın zamanda nə Rusiyanın təsir dairəsindən çıxa bilər, nə də NATO-ya, Avropa İttifaqı istiqamətinə inteqrasiya edə bilər. Kreml nadincliyinə görə Paşinyanı cəzalandıracaq. Bu cəzalandırma qüvvələr nisbətinə elə təsir göstərə bilər ki, Bakı sərt addımlar atmaq üçün imkanlar əldə edər. Yaxın zamanlarda Paşinyanın öz xəttindən əl çəkəcəyini ehtimal etmək çətindir. Amma son nəticədə Paşinyan Kremlə təzimə getməyə vadar olacaq".