Ermənistanın şərti sərhədlərdə təxribatçı addımları, sürətli silahlanması bunu göstərir
Aprelin 5-də Brüsseldə keçirilən Ermənistan-Avropa Birliyi-ABŞ formatındakı görüşdə gizli müqavilələr imzalanıb. “Hraparak” nəşrinin iddiasına görə, erməni Baş nazir Nikol Paşinyan Brüsseldən qayıdandan sonra hakim partiyanın deputatları ilə görüşməyib, əvəzində həftəsonu ailəsi ilə istirahət edib. Nəşr mənbələrə istinadən yazıb ki, Ermənistana 4 il ərzində 330 milyonluq ümumi dəstək aysberqin görünən tərəfidir: "Dərin proseslərin getdiyi, xüsusilə müdafiə sahəsinə investisiyaların qoyulması və dəstəyin verilməsi üzrə razılaşmaların əldə edildiyi haqda məlumatlar var. Bu razılaşmalar da ilkin şərtlərsiz olmayacaq". Qəzetin məlumatına əsasən, Ermənistanın hakim komandasında dərin narazılıqlar var. Vurğulanır ki, əsl planların Ermənistanın silahlandırılmasından ibarət olması heç kimdə şübhə doğurmur. Natali Luazo başda olmaqla Avropa Parlamentinin bir qrup azərbaycanofob deputatı ABŞ dövlət katibi A.Blinkenə və Avropa Birliyi Komissiyasının prezidenti Ursula Fon der Lyayenə müraciət edərək, onları sözügedən görüşün davamı olaraq Ermənistanın “təhlükəsizliyinə” yardım etməyə çağırıblar. Bütün bunlar Ermənistana açıq hərbi dəstək göstərmək üçün ictimai fon yaratmağa xidmət edir. Bu, bir daha sübut edir ki, 5 aprel görüşü məhz Ermənistanın hərbiləşdirilməsi məqsədi daşıyıb. Riyakar AP üzvlərinin bir milyon azərbaycanlını etnik təmizləməyə məruz qoymuş Ermənistanı “demokratiya əzabkeşi” kimi qələmə verməyə çalışmaları ikrah hissi doğurur. AB və ABŞ militarist siyasət yürüdən Ermənistanı deyil, Ermənistanın törətdiyi dağıntılar və mina problemindən əziyyət çəkən Azərbaycanı dəstəkləməlidir. Rusiyalı politoloq Sergey Voronin də deyib ki, Ermənistan, ABŞ və AB səviyyəsində görüş faktının əhəmiyyətini kiçiltmək olmaz. Analitikin fikrincə, üçtərəfli görüş İrəvan, Vaşinqton və Brüsselin atdığı ciddi geosiyasi addımdır: "Bu, Rusiya, Azərbaycan və İran üçün düşmənçilik xarakteri daşıyan gedişdir. Dünyanın ən böyük iqtisadiyyatı ABŞ və dünyanın ikinci iqtisadiyyatı olan Avropa birdən-birə ən kiçik postsovet respublikası olan Ermənistana maraq göstərdi. Bu maraq haradan qaynaqlanır? Çox gözəl başa düşürük ki, Qərb “tərəfdaşlarımızın” humanitar maraqları olmur. Ona görə də Belçika paytaxtında keçirilən görüşdə əldə olunan nəticələri kiçiltməyin və mahiyyətini azaltmağın mənası yoxdur. Axı onun qapalı hissəsi də var idi ki, burada ilkin məlumatlara görə, Ermənistana hərbi yardımın göstərilməsi müzakirə olunub".
Millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov "Sherg.az"a açıqlamasında deyib ki, 1939-cu il avqustun 23-də Sovet İttifaqının xarici işlər naziri Vyaçeslav Molotovla Almaniyanın xarici işlər nazirləri İoahim fon Ribbentrop arasında Moskva şəhərində "hücum etməmək" haqqında müqavilə imzalandı. Deputat xatırladıb ki, üzərindən 50 il keçdikdən sonra məlum oldu ki, müqavilənin əlavə, gizli protokolu da varmış:
"Həmin protokol bir çox həqiqətlərə işıq saldı və məlum oldu ki, dünyanın nüfuz dairələrinə bölünməsi, Almaniyanın Polşaya və SSRİ-nin Baltikyanı ölkələrə hücumu ilə bağlı məsələlər razılaşdırılıb. Bunu ona görə xatırladıram ki, aprelin 5-də Brüssel görüşündə də belə məxfi versiyanın olması ehtimalı istisna edilmir. Sonrakı dövrlərdə bəlli olacaq. Artıq bunun işartısını görməkdəyik. Dövlət başçısı İlham Əliyev ABŞ dövlət katibi ilə A.Blinkenlə telefon danışığında söyləmişdi ki, Ermənistana hərbi yardımın göstərilməsi ilə bağlı proseslər gedir. Dövlət başçısı bununla bağlı öz etirazını bildirdi. Blinken Azərbaycan Prezidentini inandırmağa çalışdı ki, aprel görüşündə hərbi yardımla bağlı məsələlər müzakirə olunmayacaq. Guya ancaq Ermənistandakı demokratik vəziyyət və iqtisadiyyatla bağlı məqamlardan danışılacaq. Paşinyan isə bəyan etmişdi ki, Rusiya ilə asılılığı minimuma endirmək üçün Avropadan ardıcıl şəkildə 3 milyard avro yardım lazımdır. Hətta ilkin mərhələdə AB-nin 1 milyard avroluq yardımı verməyə hazır olduğunu söyləmişdi. Aprelin 5-də keçirilmiş görüşdən isə məlum oldu ki, söhbət 4 il ərzində sadəcə 270 milyon avroluq maliyyə dəstəyindən gedir. Bəzi erməni ekspertlər deyirlər ki, Brüsseldə Ermənistana konfet yox, onun kağızını verdilər. Əslində, Brüssel görüşü İrəvan üçün gözlənildiyi kimi olmadı. Nəticələr ermənilər üçün qənaətbəxş deyil. Bizi narahat edən məqam bağlı qapılar ardında keçirilən görüşdə Ermənistana hərbi dəstəyin verilib-verilməməsi ilə bağlıdır. Hərbi pakt imzalanıbsa, nə vaxt həyata keçiriləcək kimi suallar açıq qalmaqdadır".
Parlamentari qeyd edib ki, Ermənistanın şərti sərhədlərdə təxribatçı addımları, sürətli silahlanması göstərir ki, AB və ABŞ İrəvanın qulağına müəyyən pıçıltılar ediblər, bəzi vədlər veriblər: "Bu da Ermənistan rəhbərliyini bir qədər ürəkləndirib. Ancaq unutmasınlar ki, qarşılarında güclü Azərbaycan, güclü lider və güclü xalq dayanıb. Azərbaycanın çox güclü müttəfiqləri var. Biri hərbi gücünə görə NATO-nun ikinci dövləti olan qardaş Türkiyə, digəri isə nüvə silahına malik 9 dövlətdən biri Pakistandır. Pakistan yeganə müsəlman ölkəsidir ki, nüvə silahına sahibdir. Bu reallıqlar fonunda Ermənistanın siyasi-hərbi rəhbərliyi ağlını başına yığsa yaxşı olar. Əgər papaqları varsa, qarşılarına qoyub fikirləşsinlər. Azərbaycanla güc dilində danışmaq siyasi dəlilikdir".