“Xankəndidəki məlum ofisin bağlanması yerində olsa da, çox gecikmiş addımdır. Biz ictimaiyyət olaraq BQXK-nin ölkəmizdə qalmasına, fəaliyyətinə ehtiyac görmürük”
1990-cı illərdə ərazilərinin 20 faizi işğal olunan, 1 milyona yaxın vətəndaşı qaçqın və məcburi köçkün düşən Azərbaycana daxil olan Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) qaçqınlara yardım, itkin düşmüş şəxslərin axtarılıb tapılması istiqamətində fəaliyyət göstərdiyini bəyan etsə də, öz missiyasını yerinə yetirə bilmədi. Birinci Qarabağ müharibəsi zamanı 4 min nəfərdən artıq azərbaycanlının itkin düşməsinə baxmayaraq, BQXK-nin onların tapılaraq geri qaytarılması yönündə ardıcıl və məqsədyönlü işlər həyata keçirdiyini söyləmək çətindir. Təşkilat xeyli azərbaycanlının Ermənistanda əsir düşərgələrində saxlandığına dair dəqiq məlumata malik olsa da, bəhanələrlə özünü bu prosesdən kənarda saxlamağa çalışıb. Birinci Qarabağ müharibəsinin gedişində əsir və itkin düşmüş çox sayda azərbaycanlı haqqında indiyə qədər heç bir məlumat əldə edilməməsində BQXK-nin fəaliyyətsizliyinin böyük rolu var. Bunun əksinə, Komitənin erməni təəssübkeşliyindən qaynaqlanan fəaliyyəti sayəsində 1700-dən artıq erməni hərbçisinin cəsədi aşkarlanaraq Ermənistana təhvil verildi. İkinci Qarabağ müharibəsindən sonra Xankəndidə fəaliyyət göstərməyə başlayan BQXK öz davranışlarında beynəlxalq hüquqa, Azərbaycan qanunlarına açıq hörmətsizlik nümayiş etdirməkdən çəkinmədi. Digər tərəfdən, komitənin Xankəndidə yenidən strukturlaşması BQXK-nin Azərbaycanda faktiki olaraq iki mərkəzinin fəaliyyət göstərməsi demək idi. Azərbaycan BQXK-yə dəfələrlə müraciət edərək Xankəndi ofisinin statusunun dəyişdirilməsini tələb etsə də, qurumun rəhbərliyi bütün bu müraciətlərə məhəl qoymayıb. BQXK-nin Xankəndi ofisi qanunsuz daşımalar həyata keçirib, faktiki olaraq qaçaqmalçılıq fəaliyyəti göstərib. Vaxtilə BQXK-nin Bakı ofisinə rəhbərlik edən, hazırda isə qurumun Avropa və Şərqi Asiya departamentinin rəhbəri olan Arian Bauerin İkinci Qarabağ müharibəsindən sonra yeni savaşın alovlanacağı və onların Xankəndidə fəaliyyətini hələ uzun müddət davam etdirməsinə ehtiyac duyulacağını demişdi. BQXK Xankəndi ofisinin artıq Bərdəyə köçərək orada fəaliyyət göstərdiyini bəyan edib. Ancaq bu da komitənin Azərbaycanda yenə iki ofislə təmsil olunduğu reallığını dəyişmir. Ümumiyyətlə isə müharibənin bitməsindən sonra BQXK-nin Azərbaycanda fəaliyyətini şərtləndirən heç bir amil qalmayıb. Ona görə də komitə üçün ən doğru addım Azərbaycanda fəaliyyətinə son verərək ölkəni tərk etməkdir. Azərbaycanın Qızıl Aypara kimi təşkilatın mövcudluğu şəraitində BQXK-nin ölkədə qalmasına, həqiqətən, heç bir ehtiyac yoxdur.
Hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov "Sherg.az"a deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə bağlı ümimiyyətlə, dünya praktikasında birmənalı mövqe yoxdur. Ekspert vurğulayıb ki, BQXK öz mandatına zidd olaraq təktərəfli fəaliyyət göstərib:
"Qurum təmsilçiləri siyasi xarakterli açıqlamalar verməklə münaqişə tərəfləri arasında balansı qoruyub saxlaya bilməyiblər. Tərəflərdən birini açıq şəkildə dəstəkləyiblər. Azərbaycan və Ermənistan arasında son 30 ildə mövcud olmuş münaqişədə də BQXK öz mandatına və beynəlxalq qanunvericiliyə zidd fəaliyyət sərgiləyib. Konkret olaraq son 30 il ərzində 3888 itkin vətəndaşımızla bağlı Azərbaycan dövləti dəfələrlə beynəlxalq təşkilatlara müraciət edib. O zaman işğal altında olan torpaqlarımıza faktaraşdırıcı missiyanın göndərilməsi ilə bağlı çağırışlar edib. Ancaq nə BQXK, nə də digər qurumlar Bakının çağırışına məhəl qoymayıblar, müharibə cinayətlərini araşdırmayıblar. Xüsusən 44 günlük müharibə dönəmində BQXK-nin Xankəndi ofisi sanki Ermənistanın hansısa dövlət qurumu kimi fəaliyyət göstərib. Ancaq müharibədən sonra əsir və girov götürülmüş şəxslərin, ölmüş erməni hərbçilərin dəyişdirilməsi prosesində, konkret 1700 erməni əsgərinin cəsədinin geri alınmasında təşkilatın İrəvan və Xankəndi ofisləri vahid qurum kimi çalışıblar. Amma azərbaycanlı hərbçilərin, mülki vətəndaşların dəyişdirilməsində, həyatını itirmiş hərbçilərin qaytarılmasında eyni təşəbbüsü göstərmirdilər. Rəsmi Bakı mövcud faktlara əsasən dəfələrlə Xankəndidəki ofisin bağlanması yönündə çağırışlar edib. Əfsuslar ki, buna da məhəl qoyulmamışdı. Çünki oradakı ofis Bakıdan yox, İrəvandakı ofisdən təlimatlar alırdı. O baxımdan Xankəndidəki məlum ofisin bağlanması yerində olsa da, çox gecikmiş addımdır. Biz ictimaiyyət olaraq BQXK-nin ölkəmizdə qalmasına, fəaliyyətinə ehtiyac görmürük. Qurumun bundan sonra Azərbaycanda fəaliyyət göstərib-göstərməyəcəyinə rəsmi Bakı qərar verəcək. İstənilən halda təşkilat öz fəaliyyətinə ciddi redaktələr etməlidir".