Paşinyan MAT olacaq

Cənubi Qafqazda eskalasiya və ciddi təhlükə riski yaranıb

Ermənistanın yeni təhlükəsizlik çətiri bəhanəsi ilə regiondan kənar qüvvələri bölgəyə cəlb etməsi destruktiv təşəbbüsdür

  "Qərbin regionda son dövrlər Ermənistan üzərindən fəallaşması ənənəvi region oyunçularının, xüsusən Rusiyanın narazılığını getdikcə artırmaqdadır". Bu sözləri "Sherg.az"a açıqlamasında AMİP Siyasi Şurasının üzvü, partiya sədrinin köməkçisi Əli Oruclu deyib. Siyasi şərhçi bildirib ki, bu narazılıq həm də Cənubi Qafqazda eskalasiya və ciddi təhlükə riskini artırır: 

"Əvvəllər Qərb Gürcüstan vasitəsilə regionda möhkəmlənmək istəyirdi. Lakin bu, Gürcüstana baha başa gəldi və ərazisinin bir qismini itirdi. Rəsmi Tbilisi hazırda Moskva ilə münasibətlərini məsafəli və ehtiyatlı qurur. Paşinyan hakimiyyəti 2000-ci ildən etibarən Rusiyadan giley-güzarlıdır. 44 günlük müharibədə Rusiyanı təxribata çəkərək bu münaqişəyə cəlb etmək planları iflas etdikdən sonra həm erməni cəmiyyətində, həm də hakim çevrələrdə ağalarından üz döndərmək tendensiyası dərinləşdi. Ermənistanın yeni təhlükəsizlik çətiri bəhanəsi ilə regiondan kənar qüvvələri bölgəyə cəlb etməsi destruktiv təşəbbüsdür. Bu, onsuz da kövrək olan sabitliyə mənfi təsir göstərəcək. İrəvan hesab edir ki, Rusiyanın başı Ukrayna ilə savaşa qarışıb və bu, Moskvanın təsir imkanlarını zəiflədib. Ona görə də Cənubi Qafqazda ABŞ və müttəfiqlərinə qarşı ikinci cəbhə aça bilməz. Lakin bu, yanlış yanaşmadır".
Analitik vurğulayıb ki, əvvəla, Ermənistan Ukrayna deyil. Ermənistan adlı bir dövləti Rusiya yaradıb və bütün sahələrdə Rusiyadan asılıdır: "Ermənistana qarşı Rusiyanın əlində çox ciddi və geniş təsir rıcaqları var. Paşinyanın xarici siyasətinin səhv olduğu qənaətindəyəm. Digər tərəfdən, Ermənistanın silahlandırılması və gücləndirilməsi Azərbaycan üçün xüsusi diqqətə alınacaq məsələdir. Ermənistan sülh prosesini uzatmaqla vəziyyətin öz xeyrinə dəyişməsini gözləyir. Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, Ermənistanın ABŞ və Qərb tərəfindən dəstəklənməsi regionda ayırıcı xətlərin daha da dərinləşməsinə və Azərbaycanın tədric olunmasına gətirib çıxardı. Bu, qətiyyən arzuolunan deyil. Bizim vəzifəmiz və görəcəyimiz iş ondan ibarət olmalıdır ki, mümkün təhlükələrdən özümüzü sığortalaya bilək. Regionda möhkəmlənmək istəyən güclərin Azərbaycanın maraqlarına hörmətlə yanaşması vacibdir".