"Azərbaycanla məsələlər müzakirə edildikdən sonra şərti sərhəddə hərbi təxribatın baş verməsi suallar yaradır".
Bunu "Sherg.az"a Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, Ermənistan parlamentinin iclasında çıxış edən baş nazir Nikol Paşinyan dörd kəndin Azərbaycana qaytarılmasına qarşı olmadığını və delimitasiya-demarkasiya prosesinin başlanmasının təhlükəsizlik üçün vacib olduğunu qeyd edib:
"Amma baş nazir dörd kəndin nə vaxt qaytarılacağının vaxtını elan etməyib. Bu bəyanatın ardınca, Ermənistanın Nerkin kəndi istiqamətində Azərbaycan sərhədçiləri atəşə tutulub və bir həbiçimiz yaralanıb. Bu kənd Rusiya hərbçilərinin məsuliyyət zonasında olmalıdır. Sərhəddə "Yerkrapa" könüllü hərbi təşkilatı dayanır. Görünür, Ermənistan ordusunda Rusiyaya bağlı qüvvələr prosesi pozur. Amma Paşinyan da siyasi iradə ortaya qoymur. Hesab edir ki, Qərbdən siyasi və təhlükəsizlik dəstəyi bir qədər artıqdan sonra Azərbaycana təzyiq edə biləcək. Baş verənlər növbəti aylarda Ermənistanla danışıqların problemli olduğunu, heç bir nəticənin əldə olunmayacğını göstərir. Paşinyanın Rusiya ilə bağlı məsələdə problemi dilə gətirməsi əsasən Kremldən İrəvana təzyiqdən irəli gəlir. Moskva Azərbaycanla sülh müqaviləsinin bağlanmasının hələ tez olduğunu deyib və Ermənistana növbəti silahlar göndərəcəyinin sözünü verib".