Astana formatı: Qazaxıstan danışıqların episentrına çevrilə bilər? -RƏY

"Astana Ermənistan və Azərbaycanın sülh müqaviləsi bağlamaq istəyini alqışlayır".
Bunu İrəvanda səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Qazaxıstan mümkün qədər çox kömək etməyə və danışıqlar üçün platforma təklif etməyə hazırdır. Bizim əsas məqsədimiz dost ölkələrimiz bir-birinə daha da yaxınlaşdırmaq və sarsılmaz dostluq münasibətlərinə, sülhə və sabit inkişafa yol açmaqdır", - deyə Prezident Tokayev vurğulayıb.

Tokayevin fikirlərinə münasibət bildirən politoloq İlqar Vəlizadə “Sherg.az”a söyləyib ki, vaxtilə Qazaxıstan müxtəlif danışıqların episentrına çevrilib:

“Xüsusilə də Astana formatı çərçivəsində Rusiya,Türkiyə və İran danışıqları aparılırdı. Qazaxıstan bunu təşkil edirdi və həmin danışıqlarnəticə vermişdi. Belə ki, Suriyadakı proseslərin tənzimlənməsində Astana formatı öz müsbət təsirini göstərib. Ona görə də Astana bu təcrübədən yararlanaraq Azərbaycan və Ermənistan arasında danışıqları təmin edə bilər. Söhbət təbii ki, Azərbaycan və Ermənistanın birbaşa danışıqlarından gedir. Azərbaycan tərəfi birbaşa məsələlərin müzakirə edilməsində maraqlıdır”.